Avstraliyada ilk evtanaziya əməliyyatı həyata keçirilib


Digərləri 05 Avq 2019 20:07:00 259 0

Avstraliyada ilk evtanaziya əməliyyatı həyata keçirilib

Avstraliyada sağalmaz xərçəng xəstəsi olan qadın üzərində ilk evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə) əməliyyatı aparılıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, 61 yaşlı Keri Robertson Viktoriya ştatındakı klinikada özünün və övladlarının razılığı əsasında həkimlərin "köməyi" ilə dünyasını dəyişib. O, bu ölkədəki evtanaziyaya icazə verilməsi haqqında qanundan istifadə edən ilk pasiyent olub.

Telekanalın reportajında bildirilir ki, xanım Robertson 2010-cu ildən xərçəng xəstəliyindən müalicə olunub. Bu müddət ərzində onun sümükləri, ağciyəri və qaraciyərində də metastaz əmələ gəlib. O, mart ayında çox ağır kimya terapiyası və şüalanma proseduralarından imtina edib və bundan sonra bədənindəki ağrılar dözülməz həddə çatıb. İyunda isə Viktoriya ştatında evtanaziya haqqında qanun qüvvəyə minib. Pasiyentin bacısı bildirib ki, Keri Robertson dərmanlar vasitəsilə həyatdan məhrum edildikdə söylədiyi son sözlər "əzablı və ağrılı həyatdansa, rahat ölüm daha yaxşıdır" olub.

Qeyd olunur ki, Avstraliyanın Viktoriya ştatında müxtəlif sağalmaz xəstəliklərdən əziyyət çəkən daha 68 nəfər evtanaziya üçün müraciət edib. Qanuna görə, bu əməliyyata məruz qalacaq insanın ən azı 18 yaşı olmalı və evtanaziya üçün müraciətdən sonra minimum 6 ay yaşamalıdır.