Dəmir Yolları Səngəçaldakı qəza ilə bağlı məlumat yayıb


Digərləri 05 Avq 2019 20:12:00 257 0

Dəmir Yolları Səngəçaldakı qəza ilə bağlı məlumat yayıb

Bu gün saat 18:10-da radələrində 6704 saylı Bakı-Şirvan marşrutu ilə hərəkət edən elektrik qatarı Səngəçal stansiyasında birinci yola daxil olarkən, 12-13 yaşlarında olan Tərlan Cavanşir oğlu Bayramov, ehtiyatsızlıq edərək qonşu yolda dayanan yük vaqonlarının altından keçərkən, qəfil qatarın qabağına çıxıb.

Son.az bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, lokomotiv briqadası dərhal qatarın dayanması üçün tormozlama aparsa da, uşaq qatarın ön hissəsinə toxunub və nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi briqadası çağrılmış, ilkin yardım göstəriləndən sonra uşaq 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılmışdır.

Aldığımız ilkin məlumata görə, hazırda uşağın vəziyyəti kafidir və həkim nəzarətindədir.