Bürünc dövrünə aid insan skeleti tapılıb


Digərləri 05 Avq 2019 20:17:00 322 0

Bürünc dövrünə aid insan skeleti tapılıb

Rumıniyanın qərbində yerləşən Alba vilayətindəki Remets yaşayış məntəqəsində arxeoloqların apardıqları qazıntılar zamanı 5 min il yaşı olan insan skeleti tapılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, , rumın arxeoloqları Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə birlikdə iki ildir ki, Treskeu dağının ətəyindəki qədim yaşayış məskənində qazıntılar aparırlar. Artıq buradakı məzar kompleksinin böyük bir hissəsi qazılıb və kurqanda Bürünc dövrünün əvvəlinə aid 12 qəbir aşkar edilib. İlkin tədqiqatlar nəticəsində müəyyən olunub ki, skelet cəmiyyətdə yüksək mövqe tutan kişiyə məxsusdur. Onun dəqiq yaşı radiokarbon analizi nəticəsində məlum olacaq.

Alimlər ümid edirlər ki, gələcək tədqiqatlar bu yerlərdə Bürünc dövründə insanların məişəti haqqında müfəssəl məlumat əldə etməyə imkan verəcək, xüsusən dəfn ayinlərinin yerinə yetirilməsinə işıq salacaq. Arxeoloq Horiya Çuquqdian mətbuat konfransında bildirib ki, bu, Karpat bölgəsində bu cür əhəmiyyətli ilk tapıntıdır. Onun sözlərinə görə, həmin məzarlar Bürünc dövründə daş blokların istifadəsi ilə düşünülmüş dəfn arxitekturasının mövcud olduğundan xəbər verir. Kurqandakı məzarlarda keramik fraqmentlər, heyvan sümükləri və kömür qalıqları da tapılıb. Burada, həmçinin təyinatı məlum olmayan daş plitələrlə işlənmiş dairəvi otaqlar da tikilib.

Alba vilayətində arxeoloji qazıntılara 2011-ci ildə Marbal (Remets zonasında Bürünc dövrünün kurqanları) layihəsi çərçivəsində başlanılıb. Arxeoloji ekspedisiyanın tərkibinə Alba-Yuliya Milli Muzeyinin əməkdaşları, həmçinin Böyük Britaniya və ABŞ alimləri daxildirlər.