İrandan gələn şəxsin daxili orqanında narkotik vasitə aşkarlandı


Digərləri 05 Avq 2019 18:21:51 250 0

İrandan gələn şəxsin daxili orqanında narkotik vasitə aşkarlandı

İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşları Astara gömrük postunun sərnişin idxal xəttində saxlanılaraq əvvəl sorğu-sual ediliblər

Bakı. İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşları Şahverdiyev İlham Cəlal oğlu və Qafarov Şahin Şaban oğlunun hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan onlar Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunun sərnişin idxal xəttində saxlanılaraq əvvəl sorğu-sual edilib, daha sonra isə üzərilərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslərin üzərilərində qanunvericiliklə qadağan olunmuş hər hansı predmet aşkar edilməsə də onların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən rentgenoloji müayinə zamanı saxlanılan şəxslərdən birinin- Şahverdiyev İlham Cəlal oğlunun daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofona bükülmüş 2 ədəd bağlama aşkar edilib. Baxış zamanı bağlamalarda açıq qəhvəyi rəngli, qablaşdırma ilə birlikdə ümumi çəkisi təqribən 94 qram narkotik vasitə - heroin olduğu müəyyən edilib. İlkin araşdırma zamanı Şahverdiyev İlham Cəlal oğlu daxili orqanında aşkar edilən narkotik vasitənin onunla birgə İran İslam Respublikasından gələn Lənkəran şəhər sakini Qafarov Şahin Şaban oğluna məxsus olduğunu və həmin maddəni keçirməsi müqabilində Şahin Qafarovun ona 5 qram narkotik vasitə - heroin verməyi vəd etdiyini bildirib.