"Feyktuber"lərin saxtakarlıqları haqqında...


Digərləri 05 Avq 2019 15:41:58 231 0

"Feyktuber"lərin saxtakarlıqları haqqında...

VƏ YA "OSMANQIZI", "AZƏRBAYCAN SAATI", "AZAD SÖZ", "MADE İN AZERBAİJAN" KANALLARI "ABUNƏ", "LİKE" VƏ "BAXIŞ" SAYINI HANSI FIRILDAQ YOLLARLA ARTIRIR?

Müxtəlif qaranlıq mənbələrdən külli miqdarda qrant və ianə alaraq "youtube" və "facebook" kimi sosial şəbəkə seqmentləri üzərindən Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniyası aparan, bir çox hallarda hətta dövlət maraqlarına zidd informasiya müharibəsinə qoşulan "Osmanqızı", "Azərbaycan saatı", "Azad söz", "Made in Azerbaijan" kimi kanalların daha bir saxtakarlığı üzə çıxıb. Söhbət Sevinc Osmanqızının, Qənimət Zahidin, Tural Sadıqlının, Məhəmməd Mirzəlinin və başqalarının "youtube" kanallarının abunəçiliyini, canlı yayım və statik videoların baxış və "like" indikatorlarını pullu texniki xidmətlərdən istifadə etməklə qaldırmasından gedir. 

İlk olaraq qeyd edək ki, "Osmanqızı" və "Azərbaycan saatı" kanallarının pullu "like"və baxış xidmətlərindən istifadə etməsi halları zaman-zaman ifşa olunub. Lakin Sevinc Osmanqızı və Qənimət Zahid hər dəfə bunu inkar edərək, hakimiyyətin böhtanı kimi qələmə veriblər. 

Bir müddət öncə Sevinc Osmanqızı pullu "like" xidmətindən istifadə etdiyini pərdələmək üçün AXCP sədri Əli Kərimli ilə müsahibədə deyib ki, guya hakimiyyəti müdafiə edənlərin "dislike"ları sonradan çevrilib "like" olur. Təbii ki, bu cür gülünc iddia ortaya qoymaqla, Osmanqızı yalnız ətrafındakı kəmsavad trolları inandıra bilərdi.

S.Osmanqızıdan fərqli olaraq, Qənimət Zahid canlı yayımlarına edilən "dislike"ların efirin geniş auditoriyaya çıxmasına "yaramazcasına təsir etdiyini" etiraf edib. Tural Sadıqlı və Məhəmməd Mirzəli də baxış sayının azlığından, "dislike" çoxluğundan dəfələrlə gileyləniblər. Vəziyyət o həddə çatıb ki, M.Mirzəli kanalında öz trollarından və dost-tanışlarından başqa kimlərinsə rəy yazmasına imkan vermir, kütləvi bloklama aparır. İnsaf naminə qeyd etmək lazımdır ki, demokratiyanı, söz azadlığını az qala gündəlik "qidasına" çevirmiş "Osmanqızı" və "Azərbaycan saatı" kanallarının muzdlu "Kasıb insan", "Cim-bom", "Hər şey Azərbaycan üçün", "Hüseyn aşiqi" və s. kimi çoxsaylı admin və moderatorları bloklama və rəysilmə "yüksək səviyyədə" həyata keçirirlər.

Kütləvi rəysilmə və bloklama əməliyyatlarına baxmayaraq, sosial şəbəkə istifadəçilərinin "dislike"ları qarşısında tab gətirə bilməyən S.Osmanqızı, Q.Zahid, T.Sadıqlı, M.Mirzəli və başqaları pullu "like", baxış və abunə ümidinə qalıblar. Bunu isə indi haqqında danışacağımız sayt və proqramlar vasitəsilə reallaşdırırlar.

Birincisi, daha çox Əli Kərimli canlı efirə çıxan zaman "Osmanqızı" və "Azərbaycan saatı" kanalları öncədən "youtube" üçün "like" və baxış sayını artırma xidməti göstərən "DoktorSMM", "Soclike", "AVİ1" və başqa saylatdan baxış və "like" alırlar.

Niyə məhz baxış, sonra isə "like"?

Çünki "like" artımı baxış sayı ilə mütənasiblik təşkil etməlidir. Əks halda, saxta "like" işi dərhal ifşa olunar...

Diqqətlə fikir versəniz görəcəksiniz ki, yuxarıda adları çəkilən kanallarda canlı yayım başlamazdan öncə gözləyənlərin sayı 20-30 nəfər, "like" isə 35-40 arası olur. İlkin mərhələdə onların trollarının "zəhməti" diqqət çəkir. Lakin canlı yayım başlayan kimi baxış və "like" sürətlə artmağa başlayır, 1000-i keçdikdən sonra isə zəifləyir və dayanır. Niyə? Beləliklə də, gəlirik məsələnin əsas mahiyyətinə və yuxarıda adları çəkilən saytlardan alınan baxış və "like" saylarının limit və qiymətlərinə.

- "DoktorSMM" saytı 100 minlik auditoriya çərçivəsində 1000 canlı baxışı təxminən 10 dollara satır. Bu saytda 1000 "like" və 1000 abunə müvafiq olaraq 44 və 56 dollara təklif edilir.

- "Soclike" saytı 10 min baxışı 31, 1000 "like"ı 25, 1000 abunəni isə 23 dollara təklif edir.

- "AVİ1" saytı da 1000 baxış, 1000 abunə və 1000 "like"ı ümumilikdə 132 dollara təqdim edir.

Göründüyü kimi, Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Məhəmməd Mirzəli və başqaları kanalılarına abunəçiliyi, canlı efir üçün baxışı və "like"ları bu cür əldə edirlər. Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Əli Kərimli canlı efirə çıxarkən öncədən təxminən 3000 baxış və 3000 "like" alınır. Lakin AXCP sədrindən başqa kimin canlı efirə çıxmasından asılı olmayaraq, 1000 baxış və "like"dan çox alınmır. Bunu da həmin kanallardakı canlı yayımları izləyənlər aydın şəkildə müşahidə edə bilərlər.

Fikir verdinizsə, sayt və proqramların təqdim etdikləri xidmətlər içərisində pullu "dislike" yoxdur. "Dislike" ancaq real "youtube" izləyicilərinin münasibətinin nəticəsidir. Sadəcə olaraq, "youtube" alqoritmləri elə düzənlənib ki, hər hansı bir canlı yayıma, yaxud statik videoya çoxsaylı "dislike" olursa, "youtube" onu spam kimi qəbul edir və filtrasiya ilə silir. Buna sevinən kanal sahibləri insanların videoları bəyənməmələrini "saxta dislike" adlandırırlar.  Hələ bu ilin fevral ayında "youtube" şirkətinin rəsmisi Tom Leunq "dislike" funksiyasının tədricən yığışdırılmasının planlaşdırıldığını bildirmişdi. Məhz o vaxtdan başlayaraq, "dislike" funksiyasına münasibətdə alqoritmlər sərtləşdirildi, hətta  kanallar üçün monetizasiya çərçivəsində əlavə "like" funksiyaları verildi. Yəni, anlaşılan odur ki, əslində S.Osmanqızını, Q.Zahidi, T.Sadıqlını, M.Mirzəlini və başqalarını bəyənməyənlərin "dislike"ları saxta deyil, əksinə, onların "like", baxış və abunəçiliyi saxtadır, feykdir...

Eyni zamanda, S.Osmanqızı, Q.Zahid, T.Sadıqlı, M.Mirzəli və başqaları kanallarında statik videoların baxış və "like" sayını, habelə abunəçiliyi artırmaq üçün "Krutube", "Ytuber", "Monstuber", "YİAXS" kimi proqramlardan da istifadə edirlər.

Bu proqramların xüsusiyyəti ondan ibarətdir ki, yüklənmiş məbləğə uyğun olaraq gün ərzində real baxış, "like" və abunəçiliyin təşkil edilməsi üçün aşağı sürətlə işləyirlər.

Bu proqramlar 1 "like"ı, baxışı yaxud abunəçiliyi 0.5-0.9 dollar qarşılığında təmin edirlər.

Gördüyünüz kimi, Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Məhəmməd Mirzəli kimilər saxtakarlıq etməklə kanallarına abunəçi yığır, baxış və "like" alırlar. Bunun üçün ciddi məbləğlər xərcləyən bu "feyktuber"lərin əsas məqsədi özlərini donor təşkilatlara ictimai rəyə güclü təsir imkanı olan kanallar kimi təqdim etmək, onlardan yeni və daha iri məbləğdə qrant və ianələr almaqdır. Təsadüfi deyildi ki, çoxdankı "dostlar" olan Məhəmməd Mirzəli ilə Tural Sadıqlı onların "youtube" kanallarına ayrılmış 80 min avro qranta görə bir neçə ay əvvəl bir-birini ifşa və təhqir etmiş, əlaqələrini tam kəsmişlər.

Onu da unutmaq lazım deyil ki, adları çəkilən antimilli ünsürlərin saxta fəaliyyəti, pullu "like", baxış və abunə xidmətləri onları elə ilk canlı yayım efirindəcə ifşa edir. Əgər onların abunəçiliyi və izləyicilərinin sayı real olsaydı, kanalarındakı canlı yayımlara baxanların sayı 1 faizi keçərdi. Əgər 116 min "izləyicisi" olan "Osmanqızı" kanalına 0.6 faizlik, 138 min "izləyicisi" olan "Azərbaycan saatı" kanalına 0.4 faizlik, 150 min "izləyicisi" olan "Azad söz" kanalına 0.3 faizlik, 141 min "izləyicisi" olan "Made in Azerbaijan" kanalına 0.4 faizlik baxış olursa, onların saxtakar fəaliyyəti, "feyktuber"liyi bir daha aydın olur.

Avqustun 4-də YAP Gənclər Birliyinin "facebook" səhifəsində paylaşılmış materiallar Sevinc Osmanqızı, Qənimət Zahid kimilərin "like" və baxış fırıldağını tam mənada ifşa etmişdi. Həmin video və paylaşımların linklərini də əlavə edirik ki, insanlar əsil həqiqətlər haqqında real məlumat alsınlar: - https://www.youtube.com/watch?v=ZPJcQussTVU&t=33s - https://www.youtube.com/watch?v=TBB3S6NOOQo - https://www.facebook.com/NAPYouthUnion/videos/614293958977892/ - https://www.facebook.com/NAPYouthUnion/videos/2609107302446430

/

P.S. "Like" əməlinin ifşa olunmasına reaksiya verən Sevinc Osmanqızı özünü yenidən ifşa edib. Paylaşdığı postunda 4500 "like"ın 400 dollara başa gəldiyini yazmaqla əslində özünün saxta reytinq və "like" yığmaqla məşğul olduğunu etiraf edib.  S.Osmanqızı nə qədər arzulasa da, hakimiyyət onun kimi qeyri-ciddi və populist birisinə zamanını heç vaxt sərf etməz...

Ramil Vəlibəyov, YAP Nizami rayon təşkilatı GB sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru