AzerTelecom I Xəzər İqtisadi Forumu çərçivəsində İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək


Digərləri 05 Avq 2019 11:06:57 203 0

AzerTelecom I Xəzər İqtisadi Forumu çərçivəsində İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

AzerTelecom Türkmənistanın Türkmənbaşı şəhərində keçiriləcək I Xəzər İqtisadi Forumu çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları sərgisində təmsil olunacaq.

Bakı. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 11-12 avqust tarixlərində Türkmənistanın Türkmənbaşı şəhərində keçiriləcək I Xəzər İqtisadi Forumu çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları sərgisində təmsil olunacaq. Şirkətin forum çərçivəsində sərgidə iştirakı təqdim etdiyi müxtəlif telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, mövcud və potensial tərəfdaşlarla faydalı fikir və təcrübə mübadiləsinin aparılması, Xəzər regionu ölkələrinin və onların tərəfdaşlarının elmi-texniki potensialı ilə əyani şəkildə tanış olmaq və şirkətin beynəlxalq əlaqələrini daha da genişləndirmək baxımından geniş imkanlar açır. Türkmənbaşı şəhərinin Avaza milli turistik zonasında keçiriləcək I Xəzər İqtisadi Forumunun proqramı üç hissədən ibarətdir: Beynəlxalq konfrans, Xəzər İnnovasiya Texnologiyaları sərgisi və müqavilə hüququ məsələləri – müqavilələrin, sazişlərin və başqa sənədlərin imzalanması. Xəzər İnnovasiya Texnologiyaları sərgisində Xəzəryanı dövlətlərin və iri İKT şirkətlərinin informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya sahələrində təqdim etdiyi xidmətlər və məhsullar sərgilənəcək.