Beyində əməliyyat hipnoz altında aparılıb


Digərləri 05 Avq 2019 04:30:00 246 0

Beyində əməliyyat hipnoz altında aparılıb

İtaliyanın Lenyano şəhərində neyrocərrahlar pasiyentin hipnoz vəziyyətində və anesteziya tətbiq edilmədən onun beynində əməliyyat aparıblar. "Corriere della Sera" nəşrinin yazdığına görə, bu metod həmin xəstəxananın tarixində ilk dəfə tətbiq edilib, ümumiyyətlə hazırda neyrocərrahiyyədə bu qəbildən üç əməliyyat aparılması məlumdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 69 yaşlı Pyero de Bernardi velosipeddən yıxılandan sonra onun kəlləsinin sağ tərəfində hematoma yarandığı üçün o, ayağını və sol əlini tərpədə bilmirdi. Bu şəxs mama işləyən qızının məsləhəti ilə klinik eksperimental hipnozun sınaqdan keçirilməsinə razılıq verib. Əməliyyat uğurlu olub və indi Pyero de Bernardi yenə yeriyə bilir.

Turində İtaliya Klinik-Eksperimental Hipnoz Mərkəzində təlim keçmiş neyrocərrah Andrea Çividini deyib: "Mən Karl Qustav Yunqun əsərlərini oxuyandan sonra hipnozu öyrənməyə başladım. Bu fizioloji vəziyyətin üstünlüyü ondan ibarətdir ki, şüur yox olur və hər şey qeyri-şüuri vəziyyətdən asılı olur. Mən pasiyenti təhlükəsiz və salamat yerə qaytardım. Bizim hər birimizin orqanizmində bu cür yer var. Yaddaş ağrını hissi etməmək qabiliyyətini inkişaf etdirə bilir".

Çividininin həmkarları əvvəlcə bu yeni metoda şübhə ilə yanaşırdılar, lakin indi onların şübhələri yox olub. Həkimlər gələcəkdə də müvafiq əməliyyatlar zamanı hipnozun tətbiq edilməsini planlaşdırırlar.