Azərbaycanda məişət zorakılığına məruz qalmış qadınlarla bağlı maraqlı


Digərləri 04 Avq 2019 21:35:00 242 0

Azərbaycanda məişət zorakılığına məruz qalmış qadınlarla bağlı maraqlı

Müstəqil ekspert İsmayıl Kərimov və Simuzər Hüseynli Azərbaycanda məişət zorakılığına məruz qalmış qadınlarla bağlı sosioloji sorğu keçirib.

Son.az gencaile.az-a istinadən sorğunun bir hissəsini təqdim edir:

Mövcud tədqiqatın əsas məqsədi məişət zorakılığına məruz qalmış qadınların depressiv vəziyyəti və ona təsir edən amillərin öyrənilməsindən ibarətdir. Son dövrlərdə qadınların məişət zorakılığına məruz qalma məsələləri ictimaiyyətin daha çox gündəmində olduğu məlumdur. Bununla bağlı istər hökümət səviyyəsində istərsə də vətəndaş cəmiyyəti təşkilatları çərçivəsində çoxlu tədbirlər həyata keçirilir və müzakirələr aparılır.  Bununla bağlı beynəlxalq təşkilatlar da müxtəlif statistik məlumatlar paylaşır.  Məişət zorakılığı anlayışının hal hazırkı çərçivəsinə nəzər yetirsək belə qənaətə gəlmək mümkündür ki, bu hal bütün ailələrdə az və ya çox dərəcədə mövcuddur. Bu isə müəyyən mənada depressiv vəziyyətə təsir edir ki, tədqiqatın da əsas məqsədi budur. Tədqiqat məişət zorakılığına məruz qalan qadınların depressiv vəziyyətinə təsir edən sosyal-demoqrafik göstəricilər, zorakılığın  miqyası və ailə daxili münasibətləri təsvir edən digər indikatorların rolunu öyrənməyə yönəlmişdir.

Anket sorğunun keçirilmə mühiti də cavabların daha real vəziyyəti əks etdirməsi  üçün uyğunlaşdırılmış, mövzunun özəl həyatla sıx əlaqəsi olduğu tam nəzərə alınaraq  tədqiqatçı ilə respondentin təkbaşına qaldığı bir mühitdə, anonim şəkildə üzbəüz intervü metodu ilə həyata keçirilmişdir. Ümumilikdə sorğu təxminən 1 ay ərzində həyata keçirilmişdir. Respondentlər əsasən 3 qrupa bölünmüşdür. Birinci qrup qadın sığıncaq mərkəzlərində məskunlaşan və reabilitasiya keçən qadınlar olmuşdur. Bu qadınlarla intervü "Təmiz Dünya" İctimai Birliyi tərəfindən yaradılan Qadın Sığınacaq Mərkəzində həyata keçirilmişdir. İkinci qrup isə Sumqayıt şəhərində məişət zorakılığından əziyyət çəkən qadınlara sosial və hüquqi xidmət həyata keçirən "Qadın Təşəbbüsü və Sosial Problemlərinə Həllinə Yardım" İctimai Birliyinə məişət zorakılığı ilə bağlı müraciət edən qadınlar olmuşdur. Üçüncü qrup isə Bakı şəhərində fəaliyət göstərən fərdi psixoloqlara müraciət edən qadınlar təşkil etmişdir. Bütün qruplar üzrə sorğu "üz üzə" metodu ilə həyata keçirilmişdir.

Tədqiqatda 61 dəyişən üzrə cavablar SPSS 32 proqramında yığılmış və müxtəlif statistik təhlillər aparılmışdır. Parametrik ölçü səviyyəsində olan dəyişənlər arasında sadə xətti regresiyya, çox dəyişənli (eyni zamanda çoxlu müstəqil dəyişən və bir asılı dəyişən) reqresiyya təhlili aparılaraq asılı dəyişən üzərində müstəqil dəyişənləri təsirinin riyazi modellə izahı aparılmışdır. Kategorik suallar qeyri-parametrik ölçü səviyyəsində olduğuna görə fərq testləri tətbiq edilmişdir. Fərq testlərində əsasən iki müstəqil qrup arasında T testi, ikidən artıq qruplarda isə ANOVA testi tətbiq edilərək müxtəlif kategorik qruplar arasında trendlər müəyyən olunmuşdur. Bütün statistik təhlillərdə asılı dəyişən depressiya şkalası olmuşdur. Depressiya şkalası  Azərbaycan mühitinə adaptasiya olmuş "Beck Depressiya Şkalası" əsasında hər bir respondentin cavablarına uyğun olaraq hesablanmışdır. Depressiya şkalası göstəricilərinə əsasən depressiv vəziyyətə görə qadınlar aşağıdakı 5 kategoriyaya bölünmüşdür:

0-9 bal: Depressiv simptomlar mövcud deyil

10-15 bal: Yüngül depressiya (subdepressiya)

16-19 bal: Orta dərəcədə depressiya

20-29 bal: Orta ağır dərəcədə depressiya

30-63 bal: Ağır depressiya

"Məişət zorakılığına məruz qalan qadınların demək olar ki hər 4-dən biri qeyri-rəsmi nigah statusunda olanlardır"

Tədqiqatda mövzunun nəzəri-metodoloji çərçivəsi müəyyən edilmiş, bu çərçivədə hipotezlər işlənilmiş və buna uyğun olaraq 61 dəyişən daxil edilmiş və tədqiqatın məqsəd və vəzifələrinə görə statistik təhlillər aparılmışdır. Tədqiqatda əsasən məişət zorakılığına məruz qalmış qadınların depressiv vəziyyətinə təsir edən amillər olduğu üçün həm məişət zorakılığı ilə digər dəyişənlər, həm də depressiya şkalası ilə təhlillər aparılmışdır.

Aparılan sorğunun nəticələrindən belə məlum olur ki, məişət zorakılığına məruz qalmış qadınların nigaha daxil olma üzrə ortalama yaşı ölkə üzrə göstəricidən ən az 4 yaş kiçikdir. Bu qrupda erkən nigah hallarına daha çox rast gəlmək mümkündür. Məişət zorakılığına məruz qalmış qadınların ailələrində gəlir səviyyəsi də çox aşağıdır. Belə ki ailədə fərd başına düşən gəlir ölkə göstəricisindən 40% aşağı olub, 84,7%-i ölkə üzrə ortalama göstəricidən aşağıdadır. Məişət zorakılığına məruz qalan qadınların demək olar ki hər 4-dən biri qeyri-rəsmi nigah statusunda olanlardır. Bu təbəqə orta hesabla 10 növ məişət zorakılığı halına rast gəlir. Məlum olmuşdur ki, məişət zorakılığından şikayət edən qadınların 71,7%-ndə depressiya ya orta ağır dərəcədə və ya ağır dərəcədədir. Dəyişənlər arasında statistik təhlillərə gəldikdə isə aşağıdakı nəticələr əldə edilmişdir.

"Sığınacaqda qalanlar daha az depressivdirlər."

Hesab edirik ki, bunun səbəbi sığınacaqda qalanların sosial-psixoloji reabilitasiya keçməsidir. Bu reabilitasiya onların depressiv vəziyyətini yaxşılaşdırır və belə nəticəyə gəlmək mümkündür sığınacaq mərkəzləri qadınların reabilitasiyası üçün zəruri addımlar atırlar.

Təhsil səviyyəqsinə görə formalaşan qruplar arasında statistik mənada fərq mövcuddur. Amma bu ardıcıl artan və ya azalan bəlli bir trendi ifadə etmir. Yəni məsələn təhsil səviyyəsi artdıqca depressiyanın azalması trendində ardıcıllıq yoxdur. Hərçənd ən ağır depressiya ibtidai təhsillilərdə, ən azı isə bakalavr təhsili olanlarda görünsə də bu iki təhsil səviyyəsi arasında isə ardıcıl artma (azalma) mövcud deyil. Lakin ər və arvad arasındakı təhsil fərqi zorakılığı və depressiyanı artırır.

Məşğulluq qrupları arasında da ciddi fərq mövcud deyil. Qadınlarda işləyən qrupda depressiya şkalası azacıq da olsa aşağı olsa da bu fərq statistik mənada ciddi fərq hesab edilmir. Yəni qadınların işləyib işləməməsi onların depressiyasında ciddi fərq yaratmır.

"Maddi dəstək depressiya vəziyyətinin azalmasına xidmət etmir".