Mahmud Bilgin: Dil imtahanı ilə əslində milli hərəkatı imtahana çəkirlər


Dünya 04 Avq 2019 17:52:00 267 0

Mahmud Bilgin: Dil imtahanı ilə əslində milli hərəkatı imtahana çəkirlər

Mahmud Bilgin son vaxtlar İranda türklər və digər qeyri-fars icmalara qarşı basqıların artmasını İslam Respublikasının yaşadığı siyasi-iqtisadi böhranlarla əlaqədar olduğunu ifadə edir.

Amerikanın Səsinə danışan siyasi fəalın dediklərinə görə, keçən il ABŞ-ın İranla nüvə sazişindən çıxmasından sonra ali ruhani liderə bağlı hərbi və təhlükəsizlik qurumlarının İranın daxili siyasətindəki nüfuzları keçmişlə müqayisədə artmağa başlayıb.

Rejim hər zaman çətinliyə düşəndə, əhalinin ayaqlanmasından qorxur. Bunun üçün başlayır qadınların hicabını gündəmə gətirməyə, qeyri-fars millətlərə basqını artırır. "İranda [teokratik] Vilayəti Fəqih rejimi hakimdir. Görüntüdə seçkilər olsa da, prezident və parlament olsa da, aparıcı qüvvə birbaşa Vilayəti Fəqih (ali ruhani lider) və onun arxasında olan qurumlardır," Mahmud Bilgin söyləyir.

O hesab edir ki, onsuz da ali ruhani lider qarşısında ciddi səlahiyyətləri olmayan prezident və ona bağlı olan qurumlar, hazırkı şəraitdə daha da effektsiz olublar:

"ABŞ nüvə sazişindən çıxdıqdan sonra, sanksiyalar başladı və İran çox çətin duruma düşdü. Bu şəraitdə Ruhani və onun nəzarətində olan qurumlar, hablə parlament artıq təsirsiz hala gəlib. Artıq qərarlar hərbi və təhlükəsizlik qurumları tərəfindən verilir. Ən başda da Sepah və onun təhlükəsizlik qurumu..."

Son vaxtlar İran Azərbaycanı və Tehranda məhkəmələr türk fəallara qarşı keçmişlə müqayisədə daha ağır həbs hökmləri çıxarırlar. Həmçinin Qərbi Azərbaycan vilayətində türkcə-farsca "Yol Press", "Açıq Yol" və "Çiçest" nəşrlərinin fəaliyyətinə ali təhlükəsizlik şurasının şikayəti ilə son qoyulub.

Bu zərbələrin qarşısında duran qüvvələri hakimiyyət görməlidir ki, heç olmasa farsca yetərlilik testinin icrasında çox da irəli getməsin. Bunlar əslində bizi test edirlər. Bizim milli hərəkatı və türk fəalları test edirlər. Basqıların artması və İran Azərbaycanının bəzi bölgələrində "farsca yetərlilik testi"-nin icraya qoyulmasına diqqət çəkən Mahmud Bilgin deyir ki, "hakimiyyət türklərin ayaqlanmasından qorxur."