“Təzəpir” məscidinin altındakı “XƏZİNƏ” FOTO


Digərləri 04 Avq 2019 13:52:00 235 0

“Təzəpir” məscidinin altındakı “XƏZİNƏ”  FOTO

Hər bir dövlətin ictimai-siyasi tarixini öyrənmək üçün muzeylərin xüsusi əhəmiyyəti var. Maddi-mədəni nümunələr, tarixin süzgəcindən keçmiş eksponatlar, qədim kitabələr vətəndaşlara mənsub olduğu ölkənin tarixi barədə aydın təsəvvür yaradır. Bununla yanaşı, bu müzeylər həm də dünya arxivlərində yer almış sənədlərin toplanması üçün vacib məkanlardandır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tarixi bu baxımdan Azərbaycan dövlətinin mühüm səhifələrindən biridir. Dini mərkəz olaraq QMİ son 150 ildə özünün ibrətli tarixi ilə azərbaycanlı müsəlmanların avanqardı olaraq çıxış edib və tarixin müxtəlif çağlarında cəsarətli maarifçi fikirlərin təbliğində iştirak edib.

Son.az modern.az-a istinadən bildirir ki, bu ilin may ayında QMİ-nin müqəddəs Ramazanla bağlı verdiyi iftar süfrəsində Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislamlıq Muzeyinin yaradılmasının vacibliyini vurğulayıb. Dövlət başçısının fikrincə, belə bir muzey mərkəz kimi fəaliyyət göstərərək, ölkədə yürüdülən multkultural siyasəti insanlara əyani nümayiş etdirə biləcək.

Şeyxülislam Allahşükür Paşazadə "Real" TV-yə müsahibəsində dövlət başçısının bu təklifini yüksək dəyərləndirib. QMİ sədri bildirib ki, burada söhbət Allahşükür Paşazadədən yox, Şeyxülislamlıqdan gedir:

"Məndən əvvəlki şeyxülislamların həyatını, fəaliyyətini, din tariximizi xalqa çatdırmaq baxımından vacib təklifdir. Onlar bu gün dünyada yoxdurlar, amma bu din xadimləri azərbaycançılıq üçün böyük işlər görüblər.

Mənim özümün 17 dövlətdən orden və mükafatlarım var.  Bütün bunlar  mənim deyil, xalqındır. Bu mükafatlar Azərbaycandakı tolerantlığa, dinlərarası  dialoqa, dövlətin mənim üçün yaratdığı şəraitə verilən qiymətdir. Bu mükafatların hamsını həmin açılacaq muzeydə öz yerini tutmalıdır. Mənə verilən hədiyyələr var. Onları özümdə saxlayıram. Məsələn, Səudiyyə kralının hədiyyə olaraq verdiyi Kəbə qapısının örtüyünün qiyməti yoxdur. Muzeyin açılışını gözləyirəm, bütün hədiyyələri ora verəcəyəm". Şeyx müzeyin İçərişəhərdə açılmasını təklif edib. Çox maraqlı ideya olan bu təklif bir sıra amillərə görə mühümdür. Azərbaycanda din və dini fəaliyyətin tarixi çox keşməkeşli olub. Xüsüsən ateist sovet ideologiyasının hökm sürdüyü  zamanda repressiyalara məruz qalmış ruhani elitasının acı taleyi öz izini müsəlman icmasında da saxlayıb.

Son 200 ilin müxtəlif ideoloji quruluşlarında yaşayan ölkəmizin müsəlman cameəsi inancını və dinin sabitqədəmliyini  məhz nüfuzlu din xadimlərinin sayəsində qoruya bilib. Böyük əzablar bahasına olsa da,  islam dini bu illərdə Azərbaycan xalqının formalaşması üçün mühüm amillərdən biri kimi çıxış edib və xalqın öz milli köklərini saxlamasında müstəsna rol oynayıb. Bütün bu tarixin indiki nəslə təqdim edilməsi yaxşı olardı.   

Yaradılacaq müzeydə Azərbaycanın bütün şeyxülislamlarının, nüfuzlu ruhanilərinin, sovetlərin repressiya illərində cəzalandırılmış din xadimlərinin  fəaliyyəti əks oluna, ölkəmizin dini həyatı, onun tarixi  təqdim edilə bilər. Xarici ölkələrdə, şəxsi kolleksiyalarda saxlanılan müxtəlif  dini atributlar, əşyalar Muzey üçün gərəkli vəsaitdir. Fikrimizcə, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində olan kitabxana belə bir muzeyin yaradılması üçün əsas ola bilər.  Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə əsaslı təmir olunan "Təzəpir" məscidində  müasir tələblərə cavab verən kitabxana təşkil edilib.

Bu kitabxanada qədim və qiymətli kitablarından ibarət bir "xəzinə" yerləşir. Təzəpir məscidində fəaliyyət göstərən kitabxana xarici ölkələrdən rəsmi səfərlərə gələn qonaqların da ziyarət etdiyi əsas məkanlardan biridir.

Kitabxana "Qurani Kərim"in qədim əlyazmaları, təfsir, hədis, elmi-dini, astronomiya, tarix, coğrafiya  sahələrini əhatə edən kitablarla zəngindir. Mərkəzin qədim kitablardan ibarət zəngin irsi  Azərbaycanın din tarixinin öyrənilməsi üçün samballı töhfədir.

Kitabxananı gəzdikcə, şkaflarda saxlanılan nadir əlyazma və kitabları vərəqlədikcə, saralmış səhifələrdən böyük bir tarix boylanır.   

Burada əsasən XVII əsrin sonu XVIII əsrin əvvəllərinə dair çox qiymətli əlyazmalar saxlanılır. Ən qədim kitabın 500 yaşı var və Şah İsmayıl Xətainin dövründə tərtib olunub.  Üzlüyü dana dərisindən olan kitablar dövrünün xəttatları tərəfindən nəfis xətlə işlənib. Hər xəttatın kitaba vurduğu  möhür sayəsində onun kim tərəfindən və nə vaxt yazıldığını müəyyən etmək olur. Kitablar xüsusi temperaturda saxlanılır. Mərkəzdə dünyanın heç bir kitabxanasında mövcud olmayan və ya cəmi iki-üç nüsxəsindən biri olan kitablar da var.


Xəbərə aid fotolar