"Kaş, sən heç doğulmayaydın " Analar öz uşaqların


Digərləri 03 Avq 2019 19:49:00 297 0

"Kaş, sən heç doğulmayaydın "  Analar öz uşaqların

Hər il Rusiyada onlarla - istər iş, istərsə də evdar qadın öz övladını öldürdüyü üçün mühakimə olunur. ABŞ psixiatrlarının qənaətincə, hər 4 anadan biri nə vaxtsa övladını öldürmək haqda düşünüb.

Analar öz övladlarını necə öldürə bilirlər və bundan sonra necə yaşaya bilirlər?

Qanundankənar hərəkətlərdən ziyan çəkmiş azyaşlı uşaqların hüquqlarını və onların qanuni maraqlarını qorumaq üçün məqalədə adlar dəyişdirilib.

Moskvanın cənub-qərbində yaşayan Pyotr Krotenko işdən qayıdanda mənzili qaranlıqdı, səs-səmir gəlmirdi. O, hamamın işığını yandıranda yeddi yaşlı oğlunu suyla dolu vannada görür. "Ölmüş olduğunu niyəsə dərhal başa düşdüm", - Krotenko o günü belə xatırlayır.

Arvadı Alyona evdə yox idi. Sonrakı gün yoldan keçənlər onu Moskva kənarındakı gölün sahilindən tapırlar. İstintaqa verdiyi ifadədə Alyona deyir ki, uşağını öldürəndən sonra özünə sui-qəsd etməyə gedib. Gölün sahilində bir şüşə araq içib, sonra suya yaxınlaşıb və orda huşunu itirib.

Bu hadisədən iki gün əvvəl Alyona ərindən xahiş edib ki, onu xəstəxanaya aparsın. Pyotr arvadının sözlərinə ciddi yanaşmayıb: "Alyona dərman qəbul edirdi. Ona görə fikirləşdim ki, hər şey yaxşı olacaq". Alyona isə istintaqda ifadəsində uşağa baxa bilməyəcəyindən qorxduğunu bildirib: "Ən yaxşısı buna son vermək idi, heç kim əzab çəkməsin deyə".

Qadın danışıb ki, uşağı yedizdirəndən sonra onunla söhbət edib: "Soruşdum ki, onun üçün hansı daha yaxşıdır - yaşamaq, yoxsa ölmək? Sonra vannanı suyla doldurub gözlərinə baxa-baxa beş dəfə onu suya salıb çıxardım".

Pyotr əmindir ki, arvadında depressiya olduğunu ikicə kəlməylə də olsa ona deyən olsaydı, bütün bunlar baş verməzdi: "Barı gələcək analar üçün kurslarda bircə məşğələni buna həsr etsinlər!"

May ayında Alyonaya "şəxsiyyətin polimorf pozuntusu" diaqnozu qoyub psixiatrik klinikaya müalicəyə göndəriblər.

"Onu xəstəxanaya aparsaydım, bunlar olmayacaqdı"

İqtisadçı Alyona kimyaçı Pyotrla Qorki parkındakı leksiyada tanış olmuşdular. Üç il görüşəndən sonra evlənmiş, bir il sonra oğulları dünyaya gəlmişdi. Onu ikisi də arzulamışdı: hələ əvvəldən çarpayı, uşaq arabası, bir neçə pijama almışdılar. Doğuş məşhur ginekoloq Mark Kurserin rəhbərlik etdiyi Perinatal Tibb Mərkəzinin pullu şöbəsində baş tutmuşdu. Hamiləliyə nəzarət də daxil, 200 min rublluq müqavilə imzalanmışdı.

Dekretdə olanda Alyona hamilələr üçün kursa getmişdi. "Beş, ya altı məşğələdə ona uşağı bələməyi, yedizdirməyi öyrətmişdilər, uşaq xəstəlikləri və uşağa qulluq haqqında məlumat vermişdilər. Kursda deyirdilər ki, doğmaq nağıl kimi gözəldir və hər şey yaxşı olacaq, analıqsa qadın üçün hədiyyədir. Amma psixi və ya psixoloji problemlərin ola biləcəyi barədə bir kəlmə də danışmırdılar", - Krotenko belə deyir.

Pyotr arvadının əvvəllər psixiatr nəzarətində olduğunu bilməyib: "Keçmişdə onun psixopatik problemləri olubmuş - səslər eşidirmiş, gözünə cin-şeytan görünürmüş. Mən bunu ancaq uşağımız olandan sonra bildim. Alyona sağalıbmış, amma belə məlum olur ki, doğuş stress və residiv yaradıb".

Doğulandan sonra uşaqda pnevmaniya yaranıb, onu reanimasiyaya yerləşdiriblər. Uşaq sağalandan sonra Alyonada yuxusuzluq əmələ gəlib. "O deyirdi ki, uşağa baxa bilmir. Buna görə psixiatra müraciət etmişdik. Həkim problemin nədə olduğunu anlamışdı, arvadıma dərman müalicəsi yazmışdı. Amma o mümkün təhlükələr barədə bizi xəbərdar etməmişdi, deməmişdi ki, ananı uşaqla tək qoymayın".

Uşaq ay yarımlıq olanda Alyonanın vəziyyəti yaxşılaşıbmış, amma bu, uzun sürməyib. Pyotr o aylarda arvadının çox yorulduğunu deyir: "Biz bir neçə ay müxtəlif həkimlərin qəbuluna getdik. Onların heç biri bizi təhlükədən xəbərdar etmədi".

Alyonanın işinə yazda, Moskva məhkəmələrindən birində baxılıb. Pyotr bütün iclaslara gedib, arvadının salındığı "akvarium"un yanında durub onunla söhbət edib, aldığı köynəklərin əyninə gəlib-gəlmədiyini, təcridxananın isti olub-olmadığını soruşub. Qaynanası da orda olurmuş, dəhlizdə Pyotra nəvəsindən - Alyonanın qardaşı qızından danışırmış, deyirmiş ki, o, artıq çarpayının kənarlarından tutub gəzməyə, telefona dartınıb anasını çağırmağa başlayıb.

"Alyona oğlumuzu öldürmək istəməyib, onun davranışı psixoloji qəzanın nəticəsidir. Arvadımın rastına yaxşı həkimlər çıxsaydı, o xahiş edəndə mən onu həkimə aparsaydım, bu hadisə baş verməyəcəkdi".

Pyotrun təlaşı anlaşılandır: o və arvadı bütün dünyada uşaq qətlinin əsas səbəblərindən biri olan problemlə üzləşiblər. Amerikalı alim-kriminalist Fillip Resnikin araşdırmasına görə, uşağını öldürən qadınların 40 faizi hadisədən əvvəl psixiatrın və ya hər hansı başqa bir həkimin müayinəsindən keçmiş olurlar. Resnik bunu "sarsıdıcı hal" hesab edir. Rusiyalı kriminoloqlarsa deyirlər ki, qadınların 80 faizi cinayət gününə qədər baş ağrısı, yuxusuzluq, menstrual dövrün pozulması kimi müxtəlif şikayətlərlə həkimə müraciət edirlər.

Alyona özü BBC əməkdaşlarıyla görüşməkdən imtina edib.

"Öz vəziyyətimi izah etmək və öz hərəkətimə qiymət vermək istəmirəm. Mənim üçün bu, çox şəxsi mövzudur, xatirələr çox acıdır. Bundan başqa, başıma gələnlər kifayət qədər spesifikdir, geniş yayılmayıb, ona görə də bu haqda məlumat ümumi işə kömək etməz", - istintaq təcridxanasından göndərdiyi məktubda o, belə yazıb.

Alyona haqlı deyil. Vladimir, Nijnı Novqorod, Kemerovo məhkəmələrinin dəhlizlərində, ya da Kaluqa həbsxanalarında müttəhimlər bizdən oxşar hadisələr barədə eşidəndə bu, xüsusilə aydın görünürdü. Övlad itkisinin və ananın mühakimə edilməsinin əzabını çəkən ailələr bu məsələdə tək olmadıqlarını eşidəndə xeyli yüngülləşirlər.

Kimdir onlar?

Bu az öyrənilmiş və tabulaşdırılmış cinayət - uşağın anası tərəfindən öldürülməsi "filisid" adlanır. Bu cinayətin fərqli növləri var. "Neonatisid" - təzə doğulmuş körpənin öldürülməsi. "İnfantisid" - bir yaşı tamam olmamış körpənin öldürülməsi.

Resnikin araşdırmasına görə, uşaqların öldürülməsi təhlükəsi ilk beş ildə xüsusilə böyükdür. Valideynlər, adətən, yaşı ikidən az olan uşaqlarını öldürürlər, həm də daha çox qışda və səhər 4-ə yaxın.

Balaca uşaqların öldürülməsi cinayətiylə bağlı xüsusi qanunlar dünyanın 20-dən çox ölkəsində var (Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya, Yeni Zenlandiya, Filippin, Cənubi Koreya və s.). Bu qanunlar bir yaşdan kiçik uşağını öldürmüş analara daha yüngül cəzalar nəzərdə tutur, çünki XX əsrin əvvəlindən etibarən yeni doğmuş və ya əmizdirən anaların ruhi vəziyyəti qeyri-sabit hesab olunur.

Filisidlə bağlı Rusiyada da xüsusi qanun mövcuddur - RF CM-in 106-cı maddəsi (ananın yeni doğulmuş körpəni öldürməsi). Ancaq bu maddə bir yaşdan yox, bir aydan kiçik olan uşaqların öldürülməsi halları üçündür. Maksimum cəza müddəti 5 il azadlıqdan məhrum etmədir. Digər övlad qatillərinə RF CM-in 105-ci maddəsinin "b" bəndi şamil edilir - ümumi rejimli cəzaçəkmə müəssisəsində 20 illik həbs.

Bütün Rusiyanı əhatə edən statistika yoxdur. Rusiya Ali Məhkəməsi nəzdindəki Məhkəmə Departamentinin məlumatına görə, 2018-ci ildə məhkəmələrdə 33 belə hala baxılıb. Kuban Universitetinin kriminalistika fakültəsinin əməkdaşları hesab edirlər ki, üstü açılmamış epizodların sayı qeydə alınmış cinayət işlərinin sayından səkkiz dəfə çoxdur.

"Son vaxtlar dostlarım məndən soruşurlar: bu cinayətlərin sayı artıbmı? Cavab verirəm ki, yox, əvvəllər də belə olub. Hər ay qadın şöbəmizdəki 20 çarpayıdan 3-4-ündə uşaq qatilləri olur. Digər xəstəxanalarda və bölgələrdə statistika fərqlidir", - Serbski adına Sosial və Məhkəmə Psixiatriyası Mərkəzinin elmi işçisi Marqarita Kaçayeva belə deyir.

Vladimirli mühasib, Nijnı Novqoroddan olan tərbiyəçi, belqorodlu prokuror, Bratsk meriyasının sosial məsələlər üzrə məsləhətçisi, ryazanlı ofisiant, Moskva Açıq Dizayn İnstitutunun məzunu, Dərbənddən çoxuşaqlı evdar qadın, tomsklu satıcı.

Araşdırdığımız 30 cinayət hadisəsinin qəhrəmanları müxtəlifdirlər. Qatil analarla bağlı yarıevsiz, həmişə kefli, narkomanla yaşayan qadın stereotipinin əksinə olaraq onlardan çoxunun əri, evi və işi var, hər hansı zərərli vərdişləri yoxdur.

Kuban Universitetinin araşdırmalarına görə, uşağını daha çox fertil dövrdə olan (30-40 yaş arası) qadınlar öldürür. Onların 74 faizdən çoxu heç vaxt psixonevroloji dispanserdə qeydiyyatda olmayanlardır, yarısından çoxu ərdə olub və başqa uşaqları da var, əvvəlki doğuşlardan sonra da psixi pozuntu keçiriblər.

Səhiyyə işçiləri bilirlər ki, ananın heç fərqinə də varmadığı dövri-latent psixi xəstəlik əksər hallarda məhz doğuşdan sonra kəskin hal alır. Bu, o deməkdir ki, adi halda üzə çıxmayan xroniki psixoloji pozuntu qadının normal həyat yaşamasına problem yaratmır. Bu xəstəliyi qadın orqanizminin üç əsas stres dövrü - hamiləlik, doğuş və klimaks oyada bilir.

"Həbs olunacaqsız, sizə ürəyim yanır"

- Alo, "Təcili yardım", mənim uşağım ölüb.

- Neyləyib?

- Ölüb?

- Necə yəni?

- Elə belə.

- Hardan zəng vurursuz?

- Kukuşkino, ev 1.

- Uşağınız xəstəydi, yoxsa necə?

- Çağaydı, doğuş evindən təzəcə gəlmişik.

- Adınız, soyadınız, atanızın adı?

- Frolova Anna Nikolayevna.

- Bu günlərdə biz sizi doğum evinə aparmışdıq.

- Bəli, bəli...

- Bəs, necə oldu ki, uşağınız öldü? Eləcə öldü, vəssalam? Yemək yeyirdi, yoxsa yatırdı?

- Əslində, günah məndədir.

- Necə yəni?

- Elə belə.

- Sizi həbs edəcəklər. Yox, mən qorxutmuram, sizə ürəyim yanır.

38 yaşlı Anna Frolova Vladimir şəhərinin "Təcili yardım" xidmətinə 7 iyul 2018-ci ildə səhər tezdən zəng vurmuşdu. Onun feldşerlə telefon danışığı RF CM-in 106-cı maddəsiylə açılmış cinayət işinə tikilmiş səhifələrdən birində əks olunub.

Tərbiyəçi ixtisası üzrə təhsil almış Frolova qızını 2018-ci ilin iyun ayında dünyaya gətirmişdi. Onun 18 və 10 yaşlı oğulları istintaqa bildiriblər ki, ölən bacılarının doğulmasını "valideynləri böyük səbirsizliklə gözləyiblər". Amma doğuş yaxınlaşdıqca Anna özünü pis hiss etməyə başlayıb: qastriti şiddətlənib, düşük təhlükəsinə görə xəstəxanada yatıb, doğuş vaxtından tez başlayıb.

Körpə yarımçıq doğulub, bundan sonra Frolovanın vəziyyəti daha da pisləşib. "Dözülməz, fasiləsiz ağrı vardı. O ağrıdan başqa heç nə hiss etmirdim. Qarnım durmadan ağrıyır, ağrıyır, ağrıyırdı... Bütün diqqətim o ağrıya yönəlmişdi. Qeysər kəsiyinin yeri də çox tez irinlədi. Hələ doğum evindəykən psixoloji böhran keçirmişdim - mən bacarmayacam, mən bu işin öhdəsindən gələ bilməyəcəm deyə".

Xəstəxanada Annanı psixiatra göstərirlər. Həkim ona məsləhət görür ki, sakitləşməyə çalışsın, özünü dəniz kənarında hiss etsin, evə dönəndən sonra psixiatra müraciət etsin. Anna isə ona belə cavab verib: "Mən deyirəm ki, ağrılarım dözülməz həddədir, bacarmıram! İndi ağrıdan divara dırmaşacam!"

Sonra baş verənlər nəinki Frolovanın ərini, uşaqlarını və rəfiqələrini, hətta qonşularını və polisi də narahat edə bilərdi. Əvvəlcə Anna taksi çağırıb doğum evindən qaçır, həm də uşağını götürmədən. Qızının dalınca xəstəxanaya əriylə birlikdə qayıdır. Tezliklə əri Moskvaya, rotasiya üsuluyla tapdığı işdə çalışmağa gedir.

Anna mənzili bir neçə dəfə "Belizna" yuyucu vasitəsilə təmizləyir, bunu dezinfeksiya üçün etdiyini deyir: "Mən tikişimdəki irinlə sizə mikrob yoluxdurmuşam". Gecələmək üçün körpəsini də götürüb rəfiqəsigilə gedir, ona evdə tək qala bilməməsindən şikayətlənir.

Sonrakı gün uşaqlarını rəfiqəsigildə qoyub "körpənin çarpayısını gətirməyə" getdiyini deyir, amma anasının qəbri üstünə yollanır. Üçüncü günün səhəri uşağı da götürüb evdən ayaqyalın çıxır, yolda onu saxlayan polisə hara getdiyini deməkdə çətinlik çəkir.

"O hadisəni xatırlamıram, amma yəqin ki, kömək axtarmışam. Ağrılarımla tək qalmışdım, ona görə", - Anna belə deyir. Polis şöbəsindən onu qaynanası çıxarıb evə gətirir. 15 günlük Vikanı çarpayısına yerləşdirib yedizdirirlər, qaynanası televizoru işə salır.

Qaynana hadisədən sonra istintaqa verdiyi ifadədə deyəcəkdi ki, Anna "həyəcanla bir neçə dəfə uşağa yaxınlaşıb nəfəs alıb-almadığını yoxladı, bir saat sonrasa çarpayının yanında durub ağ balışı onun içinə qoydu".

Qaynana fikirləşib ki, gəlini uşağın yerini rahatlayır, ona görə də televizora baxmağa davam edib.

Səhər 10-da Annaya xalası qızı zəng vurub, soruşub ki, nə vaxt təbrikə gələ bilər. "Sən hələ bilmirsən? Bizdə dəfn mərasimi olacaq. Mən uşağımın çarpayısında onun cəsədini aparıram. Tamam çürümüşəm, onu mikroba bulaşdırdım, o da öldü", - bunu müstəntiq istintaq materiallarından oxuyur.

Səhər 11-də Anna "Təcili yardım" xidmətinə zəng vurmağa başlayır. İstintaq materiallarında qeyd edilib ki, evin girişində o, həkimi bu sözlərlə qarşılayıb: "Bir baxın, deyəsən, mən onu öldürmüşəm".

Məhkəmədə tibb işçisi bildirib ki, körpə nəfəs almırmış, üstündə ağ balış, bədənində göy-qırmızı ləkələr varmış (oksigen çatışmazlığının əlaməti). "Klinik ölüm" diaqnozu qoyan həkim körpəyə adrenalin iynəsi vurub, süni nəfəs verib, ürəyini masaj edib. Körpə qusub və nəfəs almağa başlayıb.

İlkin diaqnoz kimi "Boğulma? Postreanimasiya xəstəliyi" yazıb körpəni xəstəxanaya aparıblar. Avqustun 1-də isə Vikanı evə qaytarıblar. Anna barəsində öz uşağını öldürməyə cəhd ittihamıyla cinayət işi açılıb, ekspertiza üçün onu psixiatrik klinikaya göndəriblər. Frolova 3 ay orda qalıb.

"Həkimlər mənə "Amitriptilin", "Zolasta", "Elzepam" həbləri təyin etdilər, vitamin iynələri vurdular, vəziyyətim xeyli yaxşılaşdı. Ekspertiza mənim dəli olduğum haqda rəy verdi. Onlar suallar verib məndə doğuş sonrası stres və psixoz olub-olmadığını müəyyən etmək istəyirdilər.

Müəyyən etdilər, amma bunu əvvəldən etsəydilər, bəlkə heç nə baş verməyəcəkdi. Mən dəfələrlə demişdim - "mənə professional yardım lazımdır, mənim vəziyyətim normal deyil", - Frolova belə deyir.

Anna özünü günahkar hesab etmir, deyir ki, qızının boğulmasını istəməyib, çarpayıda balış-filan da olmayıb, "Təcili yardım"a da uşağın yaxşı nəfəs almamasından narahat olduğu üçün zəng vurub. Məhkəmədə qaynanası istintaqa verdiyi ifadəsindən imtina edib, deyib ki, çarpayıda balış yoxuydu, körpənin bədənindəki ləkələrsə həkim ona iynə vurandan sonra yaranıb. Xəstəxanada Frolovaya xroniki şizofreniya dizqnozu qoyublar.

"Bu, heç də həmişə dəlilik demək deyil. Psixi pozuntu deyəndə cəmiyyət bunu cin-şeytanla danışmaq kimi başa düşür, dəlilik köynəyi haqda düşünür. Bu, yanlış yanaşmadır. Psixi pozğuntusu olan qatil analar bu hadisəyə qədər heç vaxt psixiatrın qəbulunda olmadan normal yaşaya, sosial həyat tərzi sürə bilirlər", - Serbski adına mərkəzin professoru Kaçayeva belə deyir.

Belə hallarda şizofreniyadan sonrakı ikinci diaqnoz "doğuş sonrası reaktiv vəziyyət"dir. Bu, psixikanın müvəqqəti pozulması, o cümlədən, kəskinləşmiş psixotik depressiya və xüsusilə təhlikəli olan doğuş sonrası psixozdur.

Bu hal hər min qadından bir və ya ikisində müşahidə olunur. Emosional sayıqlama və paranoya bu xəstəliyin əlamətləri ola bilər. Şizofreniya, psixoz, reaktiv vəziyyətlər - bütün bu diaqnozlar cinayət törətmiş qadınların normal ruhi vəziyyətdə olmasını istisna edir. Belələrini cinayətə görə cəzadan azad edir və məcburi müalicəyə göndərirlər.

Frolovanın işi üzrə dövlət ittihamçısı da bunu xahiş edib. Son məhkəmə iclaslarından birinə Anna uşağıyla birlikdə gəlib - bir yaşlı Vikaya baxacaq başqa adam olmadığına görə. Məhkəmə zalında bir il əvvəl iki dəqiqə nəfəssiz qalmış uşaq; müstəntiqlərin fikrinə görə, onu boğmaq istəyən anası və körpəyə süni nəfəs verən həkim yanaşı oturublar.

"Heç utanmırsanmı? Niyə yalan danışırsan? Bumeranq olub üstünə qayıdacaq bu əməlin, heç vaxt öz uşağın olmayacaq", - Anna qışqıra-qışqıra həkimə belə deyib. Onun məhkəməsi davam edir.

"Bizə susmağı öyrədiblər, keçmişdəki kimi"

Bu cür analarda müşahidə edilən ciddi psixi xəstəliklər onlara qoyulan depressiya diaqnozu fonunda üzə çıxır. Əvvəlcə nevrotik depressiya (çaşqınlıq, stres, zəiflik) kimi başlayan vəziyyət cinayət gününə yaxın psixoz xarakteri alır. Kaçayeva deyir ki, "Bu, psixotik səviyyəyə çatan kədərdir. O vəziyyətdə olan şəxslərdə yaşamağın mənasızlığı, lazımsızlığı barədə fikirlər yaranır".

2019-cu ilin 17 fevral səhərində 21 yaşlı Ufa sakini Arina Rafina ətli makaron yeyən qızını masanın arxasından götürüb onunla birlikdə eyvana çıxıb. Bir saat sonra o öz anasıyla birlikdə psixiatra gedəcəkdi, bunu o özü istəmişdi. Amma Arina doğmalarının gəlməsini gözləmədən özünün və qızının həyatına son vermək qərarına gəlib.

Uşaqlıqdan qapalı və sakit bir qız olan Rafina 19 yaşında ərə getmişdi. Uşağını əri əsgərlikdə olanda doğmuş, bir il valideynlərinin yanında yaşamışdı. Doğuşdan sonra nevroloq ona təkrar müayinə yazmış, amma Arina onun tövsiyəsinə əməl etməmişdi.

Anası İrinanın dediyinə görə, əsgərlikdən qayıdandan sonra əri onun qızıyla pis davranırmış: "Söyürdü, aşağılayırdı. Ona "səysən, eybəcərsən, qoca arvada oxşayırsan" deyirdi. Bizə qızımla görüşməyi qadağan etmişdi. Arina qayıdıb bizmlə yaşamaq istəyəndə gəlib uşağı götürürdü".

Onun ixtisasca uşaq masajisti olan kürəkəni məhkəmədə deyib ki, Arinaya cəmi bir şillə vurub və üzünü yerə sürtüb - arvadı yerdəki uşaq nəcisini tez silmədiyi üçün. O, BBC-yə müsahibə verməkdən imtina edib.

Anası Arinaya belə deyib: ya boşan, ya da daha ərindən şikayətlənmə, özün getmisən ona, indi dözərsən, sonra sevərsən. Bu gün İrina çox peşmandır: "Axı, bizə həmişə susmağı öyrədiblər, keçmişdəki kimi". O, məhkəməyə hələ doğulmamış nəvəsinin dəfnindən çıxıb gəlib - ikinci qızının hamiləliyi səkkinci ayda pozulub. Əlində valokordin və qızının öldürmək istədiyi nəvəsinin şəkli olan telefon var.

Arina və qızı sağ qalıblar - 9-cu mərtəbədəki mənzilin aşağısında böyük qar topası olub. Yoldan keçənlər onları ordan çıxaranda Arina elə hey "Mənə bunu etməyi kənar səslər dedi" deyirmiş. Xəstəxandan qadını təcridxanaya göndəriblər, qızını isə atasına veriblər.

İntihara cəhddən bir neçə gün əvvəl Arina evə polis çağırıb, deyib ki, əri onu öldürmək üçün bıçaq itiləyir (O, giriş qapısının açarını itiləyirmiş). Sonra iki gün Arina evdə gödəkçəylə gəzib. Həkimə getməyə cəmi iki saat qalmışsa hövsələsi tükənib.

Həkimlər Arinaya şizofreniya diaqnozu qoyublar.

"Belə dünyada niyə əzab çəksinlər ki?"

Həm şizofreniyadan, həm də dərin depressiyadan əziyyət çəkən qadınlar övladlarını öldürmə səbəblərindən danışanda çox vaxt belə deyirlər: "Mən ona yaxşılıq etdim", "Mən onun üçün çox pis anayam", "Bu dünya o qədər qorxuncdur ki, uşağım belə dünyada yaşamasa yaxşıdır".

Psixiatrların və kriminalistlərin işlətdiyi bir termin var - "mərhəmətdən öldürmə" (mercy killing). Bu fenomenə "genişləndirilmiş sui-qəsd" də daxildir - ana özünü öldürməyə qərar verəndə uşaqlarını da özüylə "götürür".

"O, uşağına və ya uşaqlarına baxıb düşünür: "onlar belə dünyada niyə əzab çəksinlər ki?"

Amma cinayəti törədəndən sonra belə anaların vəziyyəti yüngülləşmir. Ona görə də özlərinə sui-qəsd edirlər - birinci dəfə alınmasa, bunu ikinci, üçüncü dəfə təkrarlayır", - professor Kaçayeva belə deyir.

"Bəzən kimlərsə onlara mane ola bilirlər, Bizim mərkəzə daha çox belələrini gətirirlər. Məsələn, bu yaxınlarda bir qadın özünün 3 və 5 yaşlı uşaqlarının dalınca qaçıb onlara yuxu dərmanı içirmək istəyib. Elə bu vaxt əri gəlib çıxıb, arvadında reseptsiz satılmış dərmanı görüb ona mane olub, cinayətin qarşısını alıb. Hərçənd onda da günah varmış - xəyanət edirmiş, evə gəlmirmiş".

"Qohumları xatırlayıblar ki, qadın əvvəllər tez-tez yadplanetlilər haqqında danışırmış. Amma cinayət işi qaldırılana kimi bu heç kimi narahat etməyib. Xəstəxanada qadının səhhəti tezliklə normallaşmağa başlayıb. Müalicə gecikməyəndə neyroleptiklər yaxşı təsir göstərir", - bu da Kaçayevanın dediklərindəndir.

Məcburi müalicəyə göndərilən qadınlar hər altı aydan bir komissiyaya yoxlanışa göndərilirlər. Sonra rayon hakimi belə hallara baxmaq üçün xəstəxanaya gəlir.

Kaçayeva qeyd edir ki, "Hətta ən ağır hal üçün də altı aylıq müalicə kifayət edir, xüsusilə də gənc və daha əvvəl müalicə almamış qadınlara. Belələri göz görə-görə yaxşılaşırlar, əməllərindən peşman olub "Aman allah, doktor, mən neyləmişəm, indi necə yaşayacam", deyirlər".

Həkimlər və hakim icazə versə, qadın evinə qayıda bilir. Qanunun tələbinə görə, o, psixonevroloji dispanserdə qeydiyyata düşməli və ambulator müalicə almalıdır. Dərmanlar pulsuzdur. Psixiatr deyir ki, müalicə müsbət nəticə verərsə, iki il sonra qadını qeydiyyatdan çıxarırlar.

"Uşağı özü arzulamışdı, onu çox sevirdi"

Övlad qatili olan anaların təxminən 15 faizində həkimlər aşkar görünən psixi pozuntu tapmırlar. Belə hallarda mütəxəssislər "psixi travmalı həyat şəraitinin yaratdığı emosional gərginlik" diaqnozu qoyurlar.