Yeni qüvvələr nisbəti: ABŞAİRusiyaÇinHindistan xəttinin qeyrimüəyyənlikləri və riskləri


Dünya 03 Avq 2019 17:51:00 261 0

Yeni qüvvələr nisbəti: ABŞAİRusiyaÇinHindistan xəttinin qeyrimüəyyənlikləri və riskləri

Qlobal geosiyasi proseslərin hərəkət vektoru və dinamikasında köklü dəyişikliklərin müşahidə edildiyi haqqında ekspertlər fikir bildirirlər. Bu zaman bütöv mənzərəni çox fərqli parametrlər üzrə təsvir etməyə çalışırlar. Belə bir tezis irəli sürülür ki, böyük geosiyasətdə həm iştirakçıların tərkibi yenilənir, həm də vəziyyət daha da mürəkkəbləşir. Konkret olaraq, getdikcə daha çox mütəxəssis Hindistanı dünya miqyaslı proseslərin əsas oyunçularından biri kimi təqdim edir. Bununla yanaşı, Çinin sürətli inkişafı, ABŞ-ın Aİ, Rusiya və Çinlə getdikcə daha çox ziddiyyətli məqamlara baş vurması ayrıca vurğulanır. Bu iki prosesin fonunda müasir dünya siyasətinin qeyri-müəyyənliklərə daha çox meyl etməsi tezisi irəli sürülür. Bütün bunların prizmasından dünyada yaranmış mənzərəni təhlil etməyə ehtiyac görürük.

Münasibətlərin dinamikası: fərqli müstəviyə keçir

Son.az newtimes.az-a istinadən xəbər verir ki, beynəlxalq səhnədə qüvvələr nisbətinin sürətlə dəyişdiyini ekspertlər getdikcə daha tez-tez vurğulamağa başlayıblar. Gətirilən arqumentlərə baxdıqda, aydın olur ki, onların bu cür proqnoz verməyə əsasları kifayət qədərdir. Qlobal geosiyasi dinamikaya birbaşa təsir edə bilən güclər arasında münasibətlər sürətlə dəyişir. Bunun fonunda digər güclər də qruplaşaraq ümumi mənzərəyə təsir etməyə cəhd göstərirlər. Hər iki gücün ortaq təsiri isə digər qüvvələrin manevrlərinin sürətləndirilməsi zərurətini ortaya qoyur. Nəticədə, mürəkkəb bir mənzərə əmələ gəlir ki, onun əsas xarakteristikası da qeyri-müəyyənlik və risklərin artması olur.

Qeyri-müəyyənlik hazırda qlobal siyasətdə ciddi rol oynayan parametr kimi qəbul edilir. O cümlədən heç kəs təminat verə bilmir ki, çoxsaylı faktorlardan hansı nə zaman həlledici rol oynayacaq. Hətta sırf təsadüf sayıla biləcək və ya ciddi hesab edilməyən bir amil bütövlükdə mənzərəni dəyişə bilər. Bunun nümunələri kimi İtaliyada "Beş ulduz" hərəkatının uğurlarını, Ukraynada Vladimir Zelenskinin qələbəsini, Fransada Marin Le Penin populyarlığının artmasını, Böyük Britaniyada Naycel Fərəcin daha çox tərəfdar qazanmasını göstərmək olar. Bütün bu misallar Avropada qanunauyğunluq hesab edilən proseslərdən "kənara çıxmaları" ifadə edir. Yəni Avropa siyasi mühiti dəyişir. Özü də öncədən proqnozlaşdırılmayan istiqamətdə yeniləşir.

Daha maraqlısı odur ki, bu kimi proseslər dünyanın böyük gücləri arasında münasibətlərin transformasiyası ilə müşayiət olunur. Ekspertlər bu keyfiyyətdə ABŞ, Aİ, Rusiya, Çin və Hindistan arasında mövcud olan münasibətlərin dinamikasını nəzərdə tuturlar. ABŞ-Aİ-Rusiya-Çin "ənənəvi dördlüyü"nə Hindistanın əlavə edilməsi maraqlı haldır. Bu, başqa əlamətlərlə yanaşı, mübarizənin məkanının daha da genişləndiyini göstərir. Belə ki, artıq əsas mübarizə Avrasiya qitəsində getməlidir. Onun iştirakçılarından ikisi - Çin və Hindistan dünyanın ən çox insan ehtiyatına malik ölkələridirlər. Rusiya ən böyük ərazisi olan ölkədir. ABŞ və Aİ də yüksək texnologiyalara və iqtisadi-hərbi imkanlara malik nəhəng güclərdir.

Belə çıxır ki, yeni siyasi dinamikaya ancaq əsas iştirakçıların sayının artması təsir etməyəcək. Başlıca faktor ondan ibarətdir ki, müxtəlif parametrlərə görə sürətlə inkişaf edən beş fərqli güc mərkəzi qarşı-qarşıya durub. Bəli, məhz qarşı-qarşıya, çünki onların ortaq fəaliyyət göstərmək kimi bir davranışı gözə dəymir. Bu cür vəziyyətin fonunda qlobal geosiyasət kifayət qədər qeyri-müəyyən və mürəkkəb dinamikaya malik sistem təsiri bağışlayır.

Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, ənənəvi olaraq güclü müttəfiqlər sayılan ABŞ ilə Aİ arasında ciddi fikir ayrılıqları dərinləşir. Təkcə onu misal gətirək ki, bu ilin may ayının ortalarında Angela Merkel "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibədə açıq bəyan etmişdi ki, "Avropa güc toplamalı və üç çağırışa cavab verməlidir: Rusiyanın, Çinin və ABŞ-ın çağırışlarına". Bu, adi sözlər deyil, əksinə, arxasında çox ciddi faktorların dayandığı mövqedir. Təcrübə göstərir ki, son illər Amerika ilə Aİ arasında bir sıra prinsipial geosiyasi məsələlərdə fərqli mövqelər mövcuddur. Konkret olaraq, Vaşinqton Avratlantik məkanını parçalamaqla məşğuldur. İqlim və ticarət məsələlərində əbədi müttəfiqlər arasında ziddiyyətlər qalmaqdadır. ABŞ təhlükəsizlik sisteminin formalaşdırılmasında avropalılarla mühüm parametrlərdə razılaşmır. Bunlardan başqa, Amerika Rusiya və İran məsələlərində Aİ-yə təzyiqlərini davam etdirir. Çin ilə Avropa ölkələrinin ticari-iqtisadi əlaqələrini müstəqil qurması Vaşinqtonu qəzəbləndirir. Bunlarla yanaşı, Amerika Avropanın özünün ordusunun və təhlükəsizlik sisteminin olmasını qəbul etmək istəmir.

Konfiqurasiya dəyişir: qlobal trendlərin qarşılıqlı əlaqəsi

Aİ-Rusiya münasibətləri də özünəməxsus dramatizmlə müşayiət olunur. Rusiya ilə Ukrayna məsələsində ciddi ziddiyyətlər hələ də qalır. Son zamanlar isə Avropa ölkələri Rusiyanı onların daxili işlərinə qarışmaqda ittiham etməyə başlayıblar. Böyük Britaniyada iki keçmiş rus kəşfiyyatçısının zəhərlənməsi, Fransanın "sarı jilet"lər məsələsində Moskvanı günahlandırması, Avstriyada meydana çıxan məlum siyasi qalmaqal, Qərb mətbuatının Serbiya, Kosovo və bütövlükdə Balkan məsələsində Kremli ittiham edən məqalələr dərc etməsi bu baxımdan düşündürücü görünür. Hətta bir sıra Avropa ekspertləri hesab edir ki, Rusiya bütövlükdə Aİ-ni dağıtmağa çalışır.

Aİ-nin Çin ilə də xeyli çətinlikləri mövcuddur. Burada daha çox Çinin yeni texnologiyaları Avropadan qanunsuz çıxarması xatırlanır. Bir neçə ildir ki, Fransa, Almaniya, Böyük Britaniya siyasətçiləri çinlilərə anlatmaq istəyirlər ki, bu sahədə qanunla hərəkət etmək gərəkdir. Son illər müəyyən fərq meydana gəlsə də, ümumilikdə problemlər qalır. Bundan başqa, Çinin hərbi sahədə sürətli inkişafı Avropada təlaş yaradır. Aİ təhlükəsizliyin təmini üçün buna qarşı da nə isə bir tədbir görməlidir. İki böyük güc arasında Mərkəzi Asiya uğrunda gedən mübarizəni də unutmaq olmaz.

Əslində, Mərkəzi Asiyada Aİ ABŞ, Rusiya və Çinlə eyni zamanda mübarizə aparmalı olur. Təsadüfi deyil ki, bu təşkilat həmin regionla əməkdaşlığı nəzərdə tutan yeni strategiya təqdim edib. Orada dünyanın böyük gücləri ilə mübarizədə siyasi, hərbi, iqtisadi və ticari aspektlərlə yanaşı, ideoloji mübarizə də ciddi yer tutur. İdeoloji mübarizə isə daha çox Çinin təsirini azaltmaq kontekstində başa düşülür.

Beləliklə, təkcə Aİ-nin geosiyasi maraqları prizmasından bu təşkilatın Amerika, Rusiya və Çinlə münasibətində özünü göstərən mürəkkəb məqamların kifayət qədər olduğu məlum olur. Buraya getdikcə daha çox təsirə malik olan Hindistanı da əlavə etdikdə, vəziyyətin nə dərəcədə mürəkkəb olduğu aydınlaşır. Onu deyək ki, Narendra Modinin Hindistan parlamentinə seçkidə qalib gəlməsi, Dehlinin milliyyətçi siyasətini davam etdirəcəyi kimi qiymətləndirilir. Deməli, Hindistan öz maraqlarının təmin olunması üçün daha fəal mövqe tuta bilər. Bu isə onu dünya siyasətində əsas güclərdən biri kimi diqqətə almağın lazımlığını göstərir.

Eyni məntiqlə digər əsas geosiyasi oyunçular arasında münasibətlərin ümumi mənzərəsini yaratmaq olar. Bütöv halda bu mənzərə ziddiyyətli məqamlarla xarakterizə olunur. Və burada situasiyaların sürətli dəyişməsi müşahidə edilir. Onların hər birinə təsiri olan faktorlardan biri kimi isə dünyada Amerikaya olan münasibətin dəyişməsi ilə bağlı olması göstərilir. Belə ki, Fərid Zəkəriyyənin də fikrinə görə, getdikcə daha çox ölkənin Amerikanın siyasəti ilə razılaşmadığı müşahidə olunur. Hətta ABŞ-ın yaxın dostları belə ona olan münasibətini dəyişib.

Bu baxımdan "Pew Research Center" "beyin mərkəzi"nin 2015-ci illə müqayisədə ABŞ-a münasibəti dəyişən ölkələrdə apardığı sosioloji tədqiqat maraq doğurur. Alınan nəticələrə görə, Meksikada bu göstərici 49 faizdən 6 faizə düşüb, Kanadada o, 76 faizdən 25 faizə enib, Fransada isə 83 faizdən 9 faizə düşüb. Bundan başqa, birbaşa Amerikanın siyasətini tənqid edən siyasətçilərin sayı durmadan artır. Keçmiş siyasətçi Pyer Şöri (İsveç) hesab edir ki, "Vaşinqton Avropa İttifaqının ən pis düşmənləri ilə müttəfiqlik yaradır".

Bütün bunlar ona dəlalət edir ki, müasir mərhələdə qlobal miqyasda cərəyan edən sürətli dəyişmələr dünyanın geosiyasi mənzərəsində yeni risklər meydana gətirir. Qeyri-müəyyənliklərin artması fonunda bu prosesin dayanıqlı trendə çevrilməsi təhlükəsi göz önündədir. Onun aradan qaldırılması isə indiki zamanda çox çətin görünür. Çünki böyük qüvvələr arasında münasibətlərin aydınlaşdırılması prosesi başa çatmayıb. Əksinə, yeni oyunçuların meydana gəlməsi daha mürəkkəb bir vəziyyət yaradır. Onların fonunda isə güclərini getdikcə artıran bir sıra dövlətlərin yaratmaq istədikləri qruplar vardır. Belə çıxır ki, məsələ yalnız qüvvələr nisbətinin dəyişməsində deyil, həm də bu dəyişmənin dinamikasının özünün qeyri-müəyyənliyindədir. Bu ikiqat riskli situasiyadan dünya necə xilas ola bilər? Cavab hələ yoxdur.