Bin Ladenin ölüm xəbəri yayılan oğlu haqda ilginc faktlar FOTO


Dünya 03 Avq 2019 11:36:00 251 0

Bin Ladenin ölüm xəbəri yayılan oğlu haqda ilginc faktlar  FOTO

3-cü dəfə “öldü” xəbəri yayılan Həmzə atasının 65 ölkədə “filialları” olan təşkilatına rəhbərlik edə bilər

ABŞ rəsmiləri "Əl-Qaidə" lideri Usamə bin Ladenin oğlu Həmzə bin Ladenin öldürüldüyünü açıqlayıb. Qeyd edək ki, bu ilin əvvəlində ABŞ Dövlət Departamenti "Ədalət üçün Mükafat Proqramı" (RFJ) çərçivəsində Həmzə bin Laden haqqında məlumat verən şəxsə 1 milyon dollar mükafat təyin etmişdi. ABŞ hökuməti oğul bin Ladenin "Əl-Qaidə"nin yeni lideri olduğunu bildirmişdi.

2015-ci ildə ilk dəfə üzə çıxan Həmzə atasının qisasını alacağına and içmişdi. Bu video sürətlə yayılmışdı və iki il əvvəl ABŞ hökuməti onu "terror siyahısı"na daxil etdi. Bu ilin martında isə Səudiyyə Ərəbistanı Həmzəni vətəndaşlıqdan çıxarmışdı.

"Əl-Qaidə"nin hazırkı lideri Ayman əz-Zəvahiri 2015-ci ildə yaydığı videoda Həmzə bin Ladeni tərifləyərək "yuvadan bir aslan" kimi çıxdığını demiş və onun təşkilatda mühüm vəzifələrə gəldiyini bildirmişdi. Həmzə özü isə yaydığı açıqlamasında ABŞ və müttəfiqlərinə hücumlar etməyə çağırış edib. Bir sıra analitiklərə görə. Həmzənin parlaması "Əl-Qaidə"nin keçmiş nüfuzunun bərpa olunmasına xidmət edə bilərdi. Çünki onun çağırışlarından sonra bir çox keçmiş "Əl-Qaidə" üzvü geri dönüb.

Ancaq, görünür, amerikalılar onun bu qədər təhlükəli olduğunu düşünərək məhv etməyə çalışıblar. Həmzə bin Ladenin hansı şəraitdə öldürüldüyü bilinmir. ABŞ Dövlət Departamentinin rəsmisi Maykl Evanoff verdiyi açıqlamada Həmzə bin Ladenin ehtimal ki, Əfqanıstan-Pakistan sərhədində olduğunu, ancaq bu məlumatın dəqiq olmadığını, Həmzənin İrandan Cənubi Asiyaya qədər müxtəlif bölgələrdə ola biləcəyini deyib.

Usamə bin Ladenin 20 uşağından 15-cisi olan Həmzə "Əl-Qaidə" ilə eyni ildə - 1989-cu ildə doğulub. Haqqında çox məlumat yoxdur. Ehtimal olunur ki, 1996-cı ildə atası ilə birlikdə Əfqanıstana köçüb. Bundan başqa onun Səudiyyə Ərəbistanı və Sudanda yaşadığı güman edilir. 1996-cı ildə Taliban Kabili ələ keçirərək Əfqanıstanda radikal islamçı rejim qurmuşdu. Həmzə uşaq yaşlarında atası ilə birlikdə "Əl-Qaidə"nin bir neçə təbliğat roliklərində çəkilib. Həmzənin anası Usama bin Ladenin 3-cü həyat yoldaşı Xeyriyyə Sabardır. Sabar 2011-ci ilin mayında ABŞ xüsusi təyinatlıları Usama bin Ladeni Pakistanın Abbotabat şəhərindəki evində öldürənə qədər onun yanında yaşayıb.

Həmzə bin Laden uzun illər Əfqanıstan və Pakistanda yaşayıb. 2001-ci il 11 sentyabr hadisələrində Nyu-Yorkda əkiz qüllələri hədəfə alan təyyarələrdən birində olan terrorçu Məhəmməd Attanın qızı ilə evləndiyi bildirilir.

Son.az musavat.com-a istinadən bildirir ki, Amerikalılar Həmzənin bir müddət İranda gizləndiyini ehtimal edir. Ancaq İran rəsmiləri bu məlumatı təkzib edirlər. Ehtimallara əsasən Həmzə atasının ölümündən sonra Əfqanıstan-Pakistan sərhədində tayfaların nəzarətində olan bölgədə yaşayıb. Hətta Suriyada müharibə başlayandan sonra bir neçə dəfə bu ölkəyə getdiyi də ehtimal olunur.

Qeyd edək ki, bu günə qədər iki dəfə Həmzə bin Ladenin ölüm xəbəri yayılıb. Ancaq bir müddət sonra xəbər təsdiqini tapmayıb. İndi isə növbəti dəfə amerikalılar Həmzənin ölüm xəbərini yaydılar. Maraqlıdır ki, bu dəfə ölüm xəbəri məhz "Əl-Qaidə"nin fəallaşması ilə bağlı xəbərlərin fonunda yayılıb. ABŞ Konqresi Nümayəndələr Palatasında dinləmələr zamanı Dövlət Departamentinin terrorla mübarizə məsələləri üzrə koordinatoru Nathan Sayles deyib ki, terror təşkilatı son illərdə daha da güclənib və tərəfdarlarının sayını artırıb.

Son illərdə İŞİD-in daha çox diqqət mərkəzində olduğunu qeyd edən ABŞ rəsmisinin sözlərinə görə, nisbətən kölgədə qalan "Əl-Qaidə" zəif dövlət hakimiyyəti, münaqişə zonaları və beynəlxalq təhlükəsizlik sistemindəki boşluqlardan istifadə edərək yeni tərəfdarlar toplayıb, terror hücumları hazırlayır. Amerikalı ekspert deyib ki, hazırda "Əl-Qaidə" şəbəkəsinin gücü 11 sentyabr hadisələri zamanında olduğundan daha çoxdur. Və bu açıqlamadan qısa müddət sonra isə növbəti - üçüncü dəfə Həmzənin ölüm xəbəri yayılıb.