Milli Kino Günü təntənəli mərasimlə qeyd olunub FOTO


Digərləri 03 Avq 2019 08:43:00 225 0

Milli Kino Günü təntənəli mərasimlə qeyd olunub  FOTO

Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 121 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət, incəsənət xadimləri, kino ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirləri, paytaxtda və regionlarda gerçəkləşən film təqdimatlarını, beynəlxalq festivalları, kino günlərini, qala gecələrini, yubileyləri, yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarxlar nümayiş olundu.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kino işçilərini peşə bayramı münasibətilə təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı. Diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin fərmanına əsasən, bu əlamətdar gün artıq 19 ildir müxtəlif tədbirlərlə qeyd olunur.

Nazirin birinci müavini qeyd etdi ki, bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların, fərdi təqaüdlərin, fəxri diplomun və medalın verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin imzaladığı müvafiq sərəncamları diqqətə çatdıran Vaqif Əliyev bu sahənin inkişafına göstərdiyi qayğıya görə kino xadimləri adından ölkə başçısına minnətdarlığını ifadə etdi.

Vurğulandı ki, dövlətimizin diqqət və qayğısının nəticəsidir ki, son illərdə filmlərimiz müxtəlif beynəlxalq festivallarda uğurla nümayiş olunaraq fərqli nominasiyalar üzrə mükafatlara layiq görülür.

Daha sonra əlamətdar gün münasibətilə bir qrup kino xadiminə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olundu.


Xəbərə aid fotolar