Təngnəfəslik, xırıltılı tənəffüs, boğulma hissi, gözlərdə qaşınma, qızarma varsa...


Digərləri 02 Avq 2019 21:00:00 280 0

Təngnəfəslik, xırıltılı tənəffüs, boğulma hissi, gözlərdə qaşınma, qızarma varsa...

Alimlərin tədqiqatlarına əsasən, dünyada hər yeddi nəfərdən biri allergiya xəstəsidir. Allergiya xəstələri gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyyata malikdir. Bu xəstələrə ən çox təsir edən qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı, yüzlərlə digər allergen amil mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, Günəş şüası aiddir. Allergenlərin orqanizmə daxilolma yolları müxtəlifdir. Onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçir.

Son.az bildirir ki, həkim-allerqoloq Tamilla Rzayeva xəstəliyin yaranma səbəbləri və müalicə üsulları barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- Allergiyanın yaranma səbəbləri və növləri haqqında nə deyə bilərsiniz?

- Allergiyanın yaranması insan orqanizminin hər hansı bir maddəyə qarşı yüksək reaksiyasıdır. Bu maddələrə allergen deyilir. Onlar bizim orqanizmimizə müxtəlif yollarla daxil olub allergik reaksiyaların əmələ gəlməsinə səbəb olur. Ən çox yayılmış allergenlər bunlardır: qida məhsulları, bitki mənşəli tozcuqlar, ev tozları, dərmanlar, heyvan mənşəli allergenlər, kif göbələkləri və s. allergik xəstəliklər onlara genetik meyilliliyi olan insanlarda müxtəlif amillərin təsirindən yaranır. Bu amillər ətraf mühitin təsiri, tütün məmulatlarından istifadə, stress, yaşayış şəraitinin xüsusiyyətləri və sairədir. Allergiya, yaranma səbəblərindən asılı olaraq mövsümi və ya ilboyu olur.

- Hansı bitkilər daha çox allergiya yarada bilər?

- Qeyd etdiyimiz kimi, bəzi allergik xəstəliklər mövsümi xarakter daşıyır. Belə allergiyaların səbəbi bəzi ağaclar, otlar, güllər, çiçəklərin tozcuqlarıdır. Ancaq bütün tozcuqlar allergik reaksiyalar əmələ gətirmir. Allergik reaksiyalar yaratmaq üçün bu tozcuqların müəyyən xüsusiyyətləri olmalıdır: allergen, zülal olmalı, həmin coğrafi zonada çox olmalı, balaca ölçüdə və yüngül çəkili olmalı, küləklə yayılmalıdır. Allergiyaların bu növü əsasən yaz, yay və payız aylarında özünü büruzə verir, qışda isə əksər hallarda yox olur.

- Müraciətlər daha çox hansı allergiya növü ilə bağlı olur?