Birinci vitseprezident Mehriban Əliyeva: Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir FOTO


Digərləri 01 Avq 2019 23:09:00 242 0

Birinci vitseprezident Mehriban Əliyeva: Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir  FOTO

Avqustun 1-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Son.az Trend-ə istinadən bildirir ki, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda deyilir:

"Hörmətli festival iştirakçıları. Əziz dostlar.

Sizi - XI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını səmimi qəlbdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram.

Mədəniyyət bütün dövrlərdə xalqlararası ünsiyyətin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olub. Bu gün də müasir cəmiyyətin həyatında, dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınmadan beynəlxalq əlaqələrin, xalqlar arasında əməkdaşlığın səmərəliliyi hiss oluna bilməz.

Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə - forum, konfrans və festivallara ev sahibliyi edir. Azərbaycanın başladığı və mədəniyyətlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş "Bakı Prosesi" çərçivəsində bu ilin aprel ayında biz V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. İyun ayında Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyanın keçirildiyi tarix bizim üçün əlamətdar hadisə ilə yadda qaldı - Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkidə yerləşən "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi.

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il ölkəmizdə "Nəsimi ili" elan edilib. Bu münasibətlə payız aylarında təşkil olunacaq Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalına dünyanın bir çox ölkəsindən yüzlərlə iştirakçının qatılacağı gözlənilir. Bu tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrini bir araya toplayır. Bütün bunlar, sözsüz ki, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələrdir və mən də UNESKO-nun Xoşməramlı səfiri kimi bu tədbirləri daim dəstəkləyirəm.


Xəbərə aid fotolar