TabNine adlı süni zəka yazılan kodu proqramçının yerinə sona çatdırır


Digərləri 01 Avq 2019 22:15:00 267 0

TabNine adlı süni zəka yazılan kodu proqramçının yerinə sona çatdırır

Biz artıq istifadəçilər tərəfindən yazılmış hansısa sözü tamamlayan avtomatik mətn redaktorlarına öyrəşmişik. Lakin indi həmin prosesi proqramçılar öz kodlarına da tətbiq edə bilərlər. Belə ki, TabNine adlı alət proqramçı tərəfindən yazılmış kod əsasında həmin kodun növbəti elementini təklif edir. Bu barədə The Next Web saytına istinadən Hightech.plus saytı xəbər verib. TabNine alətindən istifadə etmək üçün onu sadəcə olaraq hal hazırda mövcud olan redaktorlardan birinə inteqrasiya etmək lazımdır.

Son.az technote.az-a istinadən bildirir ki, bu alət Python, JavaScript, Java, C++, C, PHP, Go, C#, Ruby, Objective-C, Rust, Swift də daxil olmaqla 22 proqramlaşdırma dilini dəstəkləyir. TabNine alətinin yaradıcısı olan tərtibatçı Jacob Jackson-un sözlərinə əsasən sözügedən alqoritmin əsasında OpenAI təşkilatının GPT-2 təbii dilinin emal sistemi dayanır. Sözügedən süni zəka sisteminin öyrədilməsi üçün 2 milyondan çox GitHub faylı istifadə olunub.

Varolan kod sətrinin emal olunması zamanı TabNine həmin sətrin yekunlaşdırılması üçün olan mümkün variantı öz geniş təcrübəsi əsasında təqdim edir. Hal hazırda TabNine beta test mərhələsindən keçir. Həmin beta test mərhələsinə bu link vasitəsilə qoşulmaq olar. Tərtibatçılar həmçinin alqoritmin kompakt versiyası üzərində də çalışırlar. Həmin kompakt versiya adi kompüterlərdə çalışmaq üçün nəzərdə tutulub. Bununla yanaşı alqoritmin korporativ versiyası da hazırlanır.