Deputat: "Azərbaycanda həyata keçirilən sosialiqtisadi islahatlar uğurlu nəticələr verir"


Siyasət 01 Avq 2019 17:49:00 265 0

Deputat: "Azərbaycanda həyata keçirilən sosialiqtisadi islahatlar uğurlu nəticələr verir"

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Ölkəmizin naliyyətləri və uğurları artır, əldə olunan nəticələr insanlarımızın yaşayış səviyyəsində, rifah halında əyani təsdiqini tapır. Əlbəttə ki, 2019-cu ilin 6 ayı da bu baxımdan istisna təşkil etmir.

Son.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. Kənd təsərrüfatının isə 13 faiz artması rekord göstərici hesab olunur:

"Bütün bunlarla yanaşı, ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb. Eyni zamanda, büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Eləcə də, inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bunlarla yanaşı, 49 milyard dollar səviyyəsində olan valyuta ehtiyatlarımız rekord həddə çatıb.

Məhz, bu ilin altı ayında valyuta ehtiyatları 4 milyard dollar artıb. Bir il ərzində xarici borcumuz da 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb, ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub, 60 min yeni iş yeri açılıb. Bu göstəricilər bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar uğurlu nəticələr verir, ölkəmizin inkişafı dinamik xarakter alıb".

Deputat qeyd edib ki, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək. Çünki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib:

"Bu ilin əvvəlində təsdiqlənən böyük sosial paket 4 milyondan çox insanı əhatə edir. Burada birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz olmaqla minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Minimum əməkhaqqı da təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Eyni zamanda, problemli kreditlərlə bağlı olan məsələ də öz həllini tapıb. Həmçinin, 300 mindən çox əlilliyi olan şəxslərin, 500 minə qədər məcburi köçkünün, 100 mindən artıq tələbə və gənclərin, ümumilikdə 1,3 milyon insanımızın gəlirləri də çox əhəmiyyətli şəkildə artırılıb.

Onu da qeyd edim ki, ilk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket isə sentyabr ayından icra olunacaq və bu da 1 milyondan çox insanı əhatə edəcək. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Əlbəttə ki, davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək".

S.Vəliyeva vurğulayıb ki, Azərbaycanda minimum əməkhaqqının iki dəfə, minimum pensiyanın 72 faizlik artımı nəticəsində ölkəmiz MDB-də müvafiq olaraq 1 və 2-ci yerlərdə qərarlaşacaq.

Deputat əlavə edib ki, bu ilin 6 ayı ərzində 400 kilometrə yaxın avtomobil yolu çəkilib, kommunal təsərrüfat yenilənib, 400-dən çox lift alınıb, abadlaşdırılan 50-dən çox nümunəvi həyət artıq vətəndaşların istifadəsinə verilib. Həmin nümunəvi həyətlərdən bir çoxu da Nizami rayonunda salınıb:

"Göründüyü kimi Azərbaycan bu ilin 6 ayı ərzində də dinamik inkişafını qoruyub saxlayıb, əsasən də sosial sahədə ciddi nailiyyətlər əldə edib. Təsadüfi deyil ki, Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təqdir edirlər. Elə Dünya Bankının "Doing Business" proqramı çərçivəsində Azərbaycanı 10 ən islahatçı ölkə kimi tanıması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin əyani sübutudur".