Bu il BTC vasitəsilə 121 milyon bareldən çox neft ixrac edilib


Digərləri 01 Avq 2019 15:55:59 222 0

Bu il BTC vasitəsilə 121 milyon bareldən çox neft ixrac edilib

2019-cu ilin birinci yarısında Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin birinci yarısında Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. BP-nin Bakı ofisindən Trend-ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir. Altı ay ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 134 milyon bareldən çox neft və kondensat, o cümlədən 121 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 13 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir. Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. 2019-cu ilin birinci yarım ili ərzində terminaldan həmçinin gündəlik orta hesabla 46 milyon standart kubmetr (təqribən 1 milyard 610 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilib. Birinci yarım ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 55 milyon dollar, əsaslı xərclərə isə təqribən 12 milyon dollar xərclənmişdir.