“Culture Guide” mədəniyyət bələdçisinin avqust sayı çapdan çıxıb


Digərləri 01 Avq 2019 13:06:27 185 0

“Culture Guide” mədəniyyət bələdçisinin avqust sayı çapdan çıxıb

Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESCO-nun Dünya irs siyahısına daxil olan sahələrə malikdir.

Bakı. “Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESCO-nun Dünya irs siyahısına daxil olan sahələrə malikdir. Biz dünyanın müxtəlif yerlərindən paytaxt şəhərinizə toplaşmışıq. Bu, bizi bir araya gətirən dəyərlərə, ümumi tariximizə, bölüşdüyümüz məqamlara bağlıdır. Mən Azərbaycan Respublikasının rəhbərliyinə səmimi qonaqpərvərliyə və üzv dövlətlər üçün yaradılmış şəraitə və xüsusi mühitə görə təşəkkürümü bildirirəm”. UNESCO-nun Baş direktoru xanım Odre Azulenin Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində dediyi bu sözlər “Culture Guide” mədəniyyət bələdçisinin yeni çapdan çıxan sayında bir daha diqqətə çatdırılır. Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın mədəni irsi, incəsənəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək məqsədlə ərsəyə gələn “Culture Guide” kataloqunun avqust buraxılışı da mövzu və materiallar baxımından zənginliyi ilə seçilir. “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr edilən mədəniyyət bələdçisi Azərbaycan haqqında, ölkəmizin keçmişi, müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı təqdimat yazısı ilə açılır. Yazıda müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, ölkəmizin müasir dövrdə mədəniyyətlərarası dialoqa töhfələrindən, son illər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur. 30 iyun – 10 iyul tarixlərində Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası da bu il ölkəmizin mədəni həyatında ən mühüm beynəlxalq hadisədir. Nəşrdə Azərbaycanın Dünya İrs Komitəsinə üzvlüyü və cari ildə bu qurumda sədrlik etməsi, 43-cü sessiyasının gedişi, qəbul olunan qərarlar və ümumilikdə UNESCO-nun bu mötəbər tədbirinə ev sahibliyinin ölkəmiz üçün əhəmiyyəti barədə söz açılır. Həmçinin paytaxtın mədəniyyət ocaqlarında xarici qonaqlar üçün təşkil olunan tədbirlərdən bəhs olunur. Eyni zamanda “Culture Guide”ın yeni buraxılışında ənənəvi olaraq şəhərdəki mədəniyyət müəssisələri haqqında təqdimat-tanıtma səciyyəli informasiyalar verilib. Sənət mövsümünü başa vurmuş teatrlar və bir sıra konsert müəssisələri avqust aynda istirahətdə olsa da, digər mədəniyyət ocaqlarının – kino zallarının, qalereyaların, eləcə də əyləncə məkanlarının bu ay üçün də maraqlı tədbirlər proqramı var. Nəşrdə Bakının hər zaman xarici qonaqların diqqətini çəkən tarixi və müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan, Atəşgah məbədi və Yanardağ haqqında məlumatlar, turistlərin ölkəmizdən özləri ilə hansı suvenir və “dadlı xatirələr” apara biləcəklərinə dair tövsiyələr verilir.