Nazir: Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb


Digərləri 01 Avq 2019 11:45:00 404 0

Nazir: Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb

Altı ayda icmal büdcəsinə cari daxilolma Vergilər Nazirliyi tərəfindən təmin olunub və 4 milyard 954 milyon manat təşkil edib.

Bakı. Elçin Mehdiyev – Altı ayda icmal büdcəsinə cari daxilolma Vergilər Nazirliyi tərəfindən təmin olunub və 4 milyard 954 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib. Nazir bildirib ki, bunun 3 milyard 633 milyon manatı vergi və dövlət rüsumlarıdır, 1 milyard 321 milyon manatı isə məcburi sosial sığorta və işsizlikdən sığorta haqqıdır: “Bu, müvafiq olaraq 108,8 faiz vergilər üzrə və müvafiq olaraq 112,5 və 116 faiz məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə rəqəmlərdir. İnanırıq ki, biz bu tempin saxlanılmasına nail olacağıq və hörmətli həmkarlarımızla yaxından işləyirik. Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb. Bu, 2018-ci ildəki 65,8 faizlə müqayisədə əhəmiyyətli artımdır. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3 faiz təşkil edib. Bu da iqtisadiyyatın müvafiq sektorunun artım tempini üstələyir və illik proqnozun 51,1 faizini artıq icra etmişik. Qeyri-neft sektorunun özündə isə özəl sektorun payı çox yüksəkdir – 77 faiz özəl sektor tərəfindən təmin edilib. Vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıbdır.