AMB valyuta ehtiyatlarının idarə olunmasından 100 milyon dollardan çox gəlir əldə edib


Digərləri 01 Avq 2019 11:10:14 315 0

AMB valyuta ehtiyatlarının idarə olunmasından 100 milyon dollardan çox gəlir əldə edib

Neftin qiyməti ilin əvvəlindən 20 faizə qədər artıb və 66 dollardır. Bu, bizim daxili proqnozlarımızda, yəni büdcə və sosial-iqtisadi proqnozlarda qoyduğumuz proqnozdan 6 dollar çoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

E.Rüstəmov bildirib ki, strateji valyuta ehtiyatlarımız son illərdə əhəmiyyətli dərəcədə artıb: "Biz inamla bütövlükdə böhrandan öncəki səviyyəni bərpa etməyə doğru gedirik. Qırx doqquz milyard dollar bizim ümumi daxili məhsuldan daha çoxdur. Bu, Azərbaycanın həm yüksək beynəlxalq ödəmə qabiliyyətini, həm də yüksək maliyyə təhlükəsizliyini ifadə edir.

Mərkəzi Bankın özünün də valyuta ehtiyatları artır. Cari ildə biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox artırmışıq. Amma diqqətinizi ona cəlb etmək istəyirəm ki, valyuta ehtiyatlarının idarə olunmasının effektivliyinin artırılması olduqca mühüm məsələdir. Bu vəsaitin təxminən 100 milyon dollardan çoxunu biz altı ayda xarici idarəetmədən almışıq. Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük".