Birgül Soltanova bürünc medal uğrunda güləşəcək


Digərləri 01 Avq 2019 00:53:52 273 0

Birgül Soltanova bürünc medal uğrunda güləşəcək

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir

Bakı. Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq-da çıxış edən yeniyetmə qızlar mübarizə aparır. Zenfira Həşimovanın debüt görüşü gərgin mübarizə şəraitində keçib. Hindistan nümayəndəsi sonuncu xal prinsipinə əsasən qalib elan olunub. Nərgiz Səmədova təsnifat mərhələsində ukraynalı güləşçiyə məğlub olub. Birgül Soltanova mundiala inamlı start verib. Avropa çempionatının bürünc medalçısı ilk görüşündə ukraynalı rəqibini elə ilk hissədə üstələyib. 1/4 finalda Belarusdan olan güləşçiylə qarşılaşma isə dramatik alınıb. Son saniyələrədək əzmkar mübarizə sərgiləyən həmyerlimiz qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ güləşçisinə məğlub olan Soltanova avqustun 1-də bürünc medal uğrunda güləşəcək. Nigar Mirzəzadə ilk mərhələdə Qırğızıstan təmsilçisinə qalib gəlib. Ancaq 1/8 finalda Ukrayna idmançısı ilə qarşılaşmada son saniyələrdə üstünlüyü əldən verərək uduzub.