Türkiyə ətrafında "böyük geosiyasi oyun": Liviyadan Kiprə qədər eyni ssenarinin gizlinləri


Dünya 31 İyl 2019 19:50:00 229 0

Türkiyə ətrafında "böyük geosiyasi oyun": Liviyadan Kiprə qədər eyni ssenarinin gizlinləri

Yaxın Şərqdə gərginliyin geniş miqyas alması bir neçə səbəblə izah edilir. Onların bütövlükdə regionu çox mürəkkəb, xaotik bir situasiyaya ata biləcəyi barədə proqnozlar səsləndirilir. Maraqlıdır ki, burada Türkiyəyə bir neçə istiqamətdən edilən təzyiqlərin arxasında eyni dairələr dayanır. Liviya, Aralıq dənizi, Kipr, Suriya, İraq həmin bucaq altında bir-birindən ayrı problemlər kimi görünmür. Onların hamısında Türkiyə üçün təhdid elementləri mövcuddur. Türkiyənin regional böyük dövlət kimi inkişafının qarşısını almaq, geosiyasi müstəvidə təkləmək kimi bir gizli məqsədin olduğu duyulur. Eyni zamanda, Qərbin iri enerji şirkətlərinin yeni mənbələr, yeni məkanlar və enerji ehtiyatları uğrunda gərgin mübarizəyə başladıqları aydın olur. Bunlarla yanaşı, Türkiyənin daxilində baş qaldırmış bir sıra müxalif siyasi qüvvələrin məhz son dövrlərdə fəallaşmasının səbəblərini müəyyən etmək mümkündür. Belə görünür ki, onlar da eyni mərkəzdən idarə olunurlar. Bu cür gərgin mübarizə şəraitində Türkiyənin geosiyasi gələcəyi üzərində geniş düşünməyə ehtiyac görürük.

Liviya: Haftara verilən göstərişlərin təhlükəli məqamları

Son.az newtimes.az-a istinadən xəər verir ki, Türkiyənin geosiyasi nüfuzu daha da yüksəldikcə onun ətrafında müəyyən oyunlar qurulur. Öncələr də belə bir proses gedirdi. Lakin indi Ankara geniş bir geosiyasi məkanda öz müstəqil iradəsini daha qətiyyətlə ortaya qoyur. Bir sıra dairələr isə bununla barışmaq istəmir. Bu səbəbdən də son dövrlərdə həm ölkə daxilində, həm də xaricdə düşündürücü hadisələr baş verir. Onların coğrafiyası çox genişdir və aralarındakı bağlantıları görmək asan məsələ deyil.

Türkiyəyə qarşı Liviyada feldmarşal Xəlifə Haftarın müharibə elan etdiyi barədə mətbuat geniş yazır. X.Haftar Amerika və Fransaya yaxın adam sayılır. Uzun müddət ABŞ-da yaşayıb və MKİ ilə əməkdaşlıq etdiyi haqqında informasiyalar mövcuddur. Hazırda onun tabeliyində 37 min döyüşçü olduğu deyilir. X.Haftar Liviyanın beynəlxalq aləmdə tanınmış hakimiyyətinə müxalifdir. O, bir neçə ay əvvəl paytaxt Tripolini tutmaq üçün çalışmağa başlayıb. Lakin son günlərdə Tripoliyə sadiq qüvvələr X.Haftarın Giryan şəhərindəki mövqelərini darmadağın edib və hətta onun əsas qərargahını belə dağıdıb. Ekspertlərə görə, bununla da feldmarşalın paytaxtı tutmaq planları iflasa uğrayıb. Onun özünə gəlməsinin çətin olacağını proqnozlaşdırırlar.

Ancaq bu proseslərdən qəribə bir sonuc da ortaya çıxdı. Giryanın itirilməsində X.Haftar Ankaranı günahlandırdı. "Çılığın türklər", sən demə, Liviyada rəsmi orduya yardım edib, gənclərə təlim keçib və onlar da X.Haftarın ordusunu qaçmağa məcbur ediblər. Hətta haftarçılar ağır silahları qoyub qaçıblarmış. Bundan qəzəblənən X.Haftar bəyan etdi ki, Liviyadakı bütün türklər hədəfdədir. 6 nəfər türk dənizçini həbs etdilər. Ankara çox sərt reaksiya verərək X.Haftara girovları azad etməsi üçün 72 saat vaxt verdi. 48 saata X.Haftar türkləri azadlığa buraxdı. Məsələ bununla bitmir. Ekspertlər bütün bunların, əslində, prinsipial geosiyasi əhəmiyyət daşıyan prosesin yalnız görünən fraqmenti olduğunu bildirirlər.

Belə ki, əsas hədəf Aralıq dənizidir. Liviya isə buraya açılan strateji qapıdır. Liviyada yeri olmayan gücün Aralıq dənizində də yeri yoxdur. Təbii ki, Türkiyə region dövləti kimi Aralıq dənizində söz sahibi olmağa can ata bilər. Deməli, Liviyada baş verənlərin dolayısı ilə Türkiyəyə də aidiyyəti var. Orada isə Qərb və Yaxın Şərqin ABŞ-ın təsiri altında olan bir sıra ölkələri öz oyunlarını aparmağa çalışırlar. Bununla da iki böyük güc (Qərb və Türkiyə) Liviyada qarşı-qarşıya durmuş olurlar.

Hələlik Türkiyə üstün görünür. Liviyada X.Haftara endirilən güclü zərbə əks tərəfi çaş-baş salıb. Lakin onlar sakit dayanmır, feldmarşal X.Haftarın dili ilə zaman-zaman təhdidlər yağdırırlar. Ankara da təmkinlə onların hamısına cavab verir. Eyni zamanda, digər iki istiqamətdə də Türkiyə üçün problemlər yaratmağa çalışırlar. Onlardan əsası Kipr ətrafında baş verənlərdir.

Daha böyük plan: regionda risklərin artan dinamikası

Hələ bir neçə ay öncə ABŞ başda olmaq üzrə onun bir sıra tərəfdarları Kiprin yunan hissəsinin sularında enerji axtarışlarına başladılar. Bu zaman Türkiyə adanın türk kəsiminin marağının ödənməsi şərtini qoydu. Cavab isə nəinki müsbət olmadı, hətta Türkiyəyə qarşı bəzi müsəlman ölkələrin də daxil olduğu qrup yaratdılar. Həmin qrupda İsrail, Misir, Səudiyyə Ərəbistanı, Yunanıstan və başqaları vardır.

Ankara bu addıma da tutarlı cavab verdi. İndi Türkiyənin iki kəşfiyyat gəmisi Kiprin türk hissəsinin sularında neft-qaz axtarışını aparır. Bu, Qərbi çox hiddətləndirdi. Hətta Avropa İttifaqı işə qarışdı və Türkiyəyə xəbərdarlıq etdi. Buna cavab olaraq Ankara "gedin işinizlə məşğul olun!" məzmununda qısa və konkret cavab verdi. Aİ də daxil olmaqla, yunanların havadarları şoka düşdülər.

Rum kəsimi yenə Brüsselə şikayətləndi, son olaraq oradan sanksiya təhdidi gəldi. Lakin bunun da Ankaraya təsiri yoxdur. İndi Qərb mediası bir sıra hallarda radikal fikirlərlə dolu yazılar dərc edir. Onların başlıca məzmunu belədir: əgər Türkiyə Kipr sularında enerjidaşıyıcıları axtarışlarını davam etdirəcəksə, Kipri itirəcək.