Ziyafət Əsgərov: Azərbaycan müstəqillik əldə etdikdən sonra qlobal layihələrə imza atıb


Digərləri 31 İyl 2019 19:24:00 226 0

Ziyafət Əsgərov: Azərbaycan müstəqillik əldə etdikdən sonra qlobal layihələrə imza atıb

İyulun 31-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov İndoneziya Respublikası Nümayəndələr Palatasının sədr müavini Fadlı Zonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. Elçin Mehdiyev – İyulun 31-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov İndoneziya Respublikası Nümayəndələr Palatasının sədr müavini Fadlı Zonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən Trend-ə verilən məlumata görə, Parlamentin birinci vitse-spikeri qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və İndoneziya dost ölkələrdir: “Biz münasibətlərin dərinləşməsinə böyük önəm veririk. Təqdirəlayiq haldır ki, ötən il Azərbaycan Parlamentinin 100 illik yubiley tədbirlərində İndoneziya ən böyük sayda nümayəndə heyəti ilə iştirak etdi. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək səviyyədə əlaqələr mövcuddur. Bütün sahələrdə əməkdaşlıq üçün geniş potensial imkanlar var. Biz iqtisadi, ticari, turizm, sənaye sahələrində əlaqələrimizin inkişaf etdirilməsində maraqlıyıq”. Milli Məclisin Sədri Oqtay Əsədovun 2012-ci ildə İndoneziyaya rəsmi səfərini xüsusi vurğulayan Z.Əsgərov belə yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Parlament Sədrinin birinci müavini deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qlobal layihələrə imza atıb: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri, Avropa ilə Asiyanı birləşdirən dəmiryolu xətti bunun bariz nümunəsidir. Ölkənin bir sıra şəhərlərində sənaye parkları fəaliyyət göstərir, gələcəkdə azad iqtisadi zonanın yaradılması istiqamətində işlər görülür”. İndoneziya Respublikası Nümayəndələr Palatasının sədr müavini Fadlı Zon səmimi qəbul üçün minnətdarlığını bildirib. Qeyd edib ki, İndoneziya Azərbaycanla həyatın bütün sahələrində əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bu baxımdan parlamentlərarası münasibətlərimizin daha da dərinləşməsi çox vacibdir. Bildirildi ki, İndoneziya parlamentində 560 deputat təmsil olunub. Burada Azərbaycan Milli Məclisi ilə əməkdaşlığa böyük önəm verilir. Dostluq qrupları səviyyəsində vaxtaşırı səfərlər təşkil olunur. Cari ilin sentyabr ayında İndoneziyanın Bali adasında dünya parlamentlərinin forumunun keçiriləcəyini diqqətə çatdıran qonaq Azərbaycan parlament nümayəndə heyətinin bu toplantıda iştirak edəcəyinə inamını ifadə edib.