Bu yayın qazananları və itirənləri
Şou-biznes 31 İyl 2019 18:55:00 226 0
Ötən illərə nisbətən, bu yay hit mahnı baxımından milli şou-biznesimiz kasadlıq çəkdi.
"Youtube" trendlərində baş sıralarda gözümüzə əsasən, bayağı ifaçılar və musiqiçilər dəydi.
Son.az axşam.az-a istinadən maydan etibarən, sosial mediada və şəhərin müxtəlif məkanlarında ən çox səsləndirilən və keyfiyyətli olmasına rəğmən, uğur qazana bilməyən mahnıları təqdim edir:
Uzun müddətdir ard-arda mahnılar çıxarsa da, Əməkdar artist Miri Yusifin bu yay ən bəyənilən mahnısı "Şənbə" olub. İki aya bir milyon baxış sayı toplayan ifa avtomobillərdə və müxtəlif restoranlarda tez-tez qulağımıza dəyib.
Xalq artisti Aygün Kazımova bu yay "Mən gəlirəm" adlı bəstəsini təqdim etsə də, istəyinə çata bilməyib. Onun mahnısı hit olmamaqla yanaşı, "Youtube"da 51 min dəfə izlənilib.
Əməkdar artist Könül Kərimova uzun müddət sonra təqdim etdiyi klipi ilə diqqət çəkib. Onun "Gizli-gizli" adlı ifası PR-ı getməsə də, 20 günə 1,6 milyon baxış sayı toplayıb.
Hər yay dinləyicilərini hitlə təmin edən Murad Arifin yeni mahnısı izləyicilərin ürəyincə olmayıb. Onlar bir ay ərzində Arifə 150 min dəfə baxmağı məsləhət görüblər. Ancaq bu ifa radiolarda ən çox səsləndirilənlər sırasındadır.
"Eurovision 2011" qalibi Nigar Camal Ukraynada "Я в твоем плену"suna əziyyətlə 45 minlik klip çəkdirsə də, iki aya cəmi 32 min dəfə izlənilib.
Reper Qurdun müzakirələrə səbəb olan və qısa zamanda dillərə düşən "Dincəleyşn"ı əsasən, istirahət mərkəzlərində və çimərliklərdə səsləndirilir. Mahnı 1,5 aya 533 min baxış sayı yığıb.