Astronomlar TESS orbital teleskopunun kəşf etdiyi 20 ekzoplaneti tədqiq edirlər


Digərləri 31 İyl 2019 07:07:00 234 0

Astronomlar TESS orbital teleskopunun kəşf etdiyi 20 ekzoplaneti tədqiq edirlər

ABŞ-ın TESS orbital teleskopunun ötən ilin iyulunda kəşf etdiyi 20 ekzoplanetin astronomlar tərəfindən tədqiqi davam edir. Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, alimlər onlardan üçünün daha diqqətəlayiq olduğunu bildiriblər. Tədqiqatın ilkin nəticələri Nature Astronomy jurnalında dərc olunub.

Qeyd olunub ki, həmin planetlər TOI-270 adlanan "qırmızı cırtdan" ulduzun ətrafında - Günəş sistemindən 73 işıq ili məsafədə yerləşir. Bu üç planetdən biri ölçüsünə görə Yer kürəsindən böyükdür və ulduzun ətrafında 3,4 sutka ərzində dövr edir. Onun səthində temperatur isə 254 dərəcə selsiyə çatır. Bu sistemdə ən böyük olan daha bir ekzoplanet həmin ulduzun ətrafında 5,7 sutka ərzində dövr edir və buradakı temperatur 150 dərəcə selsidir. Ulduzdan 10 milyon kilometr uzaqlıqda olan üçüncü planetin fırlanma müddəti 11,4 sutkadır və 67 dərəcə selsiyə qədər isinir.

CNN TESS orbital teleskopunun tədqiqat qrupunun rəhbəri Maksimilian Günterə istinadla bildirir ki, TOI-270 planetlər sisteminin öyrənilməsi bir çox səbəblərdən mühümdür. Teleskopun tədqiqi Yer kürəsindən 300 işıq ili məsafədə yerləşən ulduz sistemlərinə yönəlib. Dörd ədəd genişbucaqlı kamera ilə təchiz olunmuş rəsədxana 200 mindən çox ulduzu öyrənəcək və onların parlaq fonunda qara ləkə kimi görünən ekzoplanetləri aşkar edəcək. Bu missiyanı 2021-ci il martın 30-da kosmosa göndəriləcək 6,5 metr diametrlik güzgüsü olan James Webb və digər teleskoplar davam etdirəcək.

Astronomlar bildirirlər ki, bizim Günəş sisteminin də yerləşdiyi Süd Yolu qalaktikasında Yer kürəsinin ölçüsünə yaxın ən azı 11 milyard planet mövcuddur. Bizim spiralvari qalaktikanın diametri 100-200 min işıq ilinə bərabərdir, buradakı ulduzların sayı isə 200-400 milyarda çatır.