Aİİ tələbələri “Yay məktəbi”ndə növbəti mühazirəni dinləyiblər (FOTO)


Digərləri 30 İyl 2019 11:57:00 191 0

Aİİ tələbələri “Yay məktəbi”ndə növbəti mühazirəni dinləyiblər (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir. Trend-in məlumatına görə, “Yay məktəbi”nin növbəti günü tarixçi-tədqiqatçı professor Muhammed Çelen İslamda və digər dünya dinlərində məzhəblərin, eləcə də dini cərəyanların əmələ gəlməsi və onların müasir dövrdə təkmilləşmə prosesi haqqında ümumi məlumat verib. Məzhəbləşməni insan fitrəti ilə əlaqələndirən M.Çelen bu amilin insanların həyatında oynadığı roldan və müxtəlif mədəniyyətlərin yaranma səbəblərindən bəhs edib. Bildirib ki, müsəlmanlar məzhəblərə bölünsələr də, dinin təməl prinsiplərində heç zaman ixtilaf etməyiblər: “Yəni Allah-Taalanın birliyi, Həzrət Məhəmmədin Onun elçisi olduğu, “Qurani-Kərim”in Allah tərəfindən göndərildiyi, gün ərzində qılınan namaz, zəkat, oruc, Həcc kimi ibadətlərin fərz olduğu barədə fikir ayrılığı mövcud deyil”. M.Çelen ixtilafın dinin təməl prinsipləri xaricində olan fəri məsələlərə aid olduğunu qeyd edib. Tələbələrin marağına səbəb olan mühazirədə prof. Muhammed Çelen onların çoxsaylı suallarını cavablandırıb. Məlumat üçün bildiririk ki, “Yay məktəbi”ndə Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstandan gəlmiş İlahiyyat fakültəsi tələbələri də iştirak edirlər. “Yay məktəbi”nin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi, eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.