İlk Milli Yaylaq Festivalında ikinci gün maraqlı anlarla yadda qaldı


Digərləri 29 İyl 2019 18:40:00 248 0

İlk Milli Yaylaq Festivalında ikinci gün maraqlı anlarla yadda qaldı

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da açılış mərasimi keçirilən Milli Yaylaq Festivalının ikinci günü də maraqlı anlarla yadda qalıb.

Bakı. Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da açılış mərasimi keçirilən Milli Yaylaq Festivalının ikinci günü də maraqlı anlarla yadda qalıb. Trend-in məlumatına görə, Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, nadir konsepsiya əsasında təşkil olunan ilk Milli Yaylaq Festivalına 16 ölkədən qatılan minlərlə iştirakçı-turist etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələrlə tanış olublar. El şənliyində yaradılan mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm sahələri qonaqların diqqətini çəkib. Festival iştirakçıları aşıqların deyişməsini, milli rəqsləri (yallılar, cəngilər), tamaşaları, əski xalq oyunlarını izləyib, yaylaq kulinariyasına aid təamlardan dadıblar. Burada tətbiqi sənət nümunələrinin satış-sərgisi də təşkil olunub. Meydana daxil olan çaparların Qarabağ atları ilə şousu alqışlarla qarşılanıb. Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, eləcə də xarici ölkə sənətçilərinin çıxışları isə festivalın bayram ovqatına əlavə rəng qatıb.