Bu il ölkə üzrə 112 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb (FOTO)


Digərləri 29 İyl 2019 15:41:00 192 0

Bu il ölkə üzrə 112 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2019-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlardan danışan Komitə sədri Kərəm Həsənov qeyd edib ki, sosial-iqtisadi siyasətinin mərkəzində həmişə vətəndaş rifahının təminatı prinsipi dayanır. Ölkə başçısının rəhbərliyi altında davam edən uğurlu islahatlar sosial sahədə olduğu kimi, artıq idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşmasında, dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektron müstəvidə həyata keçirilməsində də özünü göstərməkdədir. Ölkə rəhbərinin müəyyən etdiyi iqtisadi strategiyaya və tapşırıqlara uyğun olaraq 2019-ci ilin 6 ayında Əmlak Məsələləri Dövlət Komitəsi də əmlak idarəçiliyi və vətəndaşlara göstərilən xidmətlər sahəsində gördüyü işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini verməkdədir. Bu sahədə ən mühüm hadisələrdən biri 2019-cu ilin ilk günlərində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə komitənin Əmlak Xidmətləri Məkanının açılışının olmasıdır. Elektron idarəetmə sisteminin tətbiq edildiyi Məkanda xidmətlər daha dəqiq, proseduralar daha sürətlə yerinə yetirilir. Qısa müddət keçməsinə baxmayaraq Məkana 120 minə yaxın vətəndaş müraciəti daxil olub. Artıq respublikanın iki regionunda Gəncə və Xaçmaz şəhərlərində yeni Əmlak Xidmətləri Məkanının tikintisinə başlanılıb. Cənab prezidentin 29 mart 2019-cu ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikliyə əsasən əmlaklara dair çıxarışların tam olaraq elektron müstəviyə keçib. Bununla da təkrar qeydiyyat tam olaraq elektronlaşır, vətəndaş-məmur ünsiyyətini minimuma enir, əmlakın qeydiyyatı sadələşir. Artıq ölkədə 50 mindən çox elektron çıxarış hazırlanıb. Eyni zamanda, dövlət rəhbərinin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı da vətəndaş məmnunluğuna, sadə formada mülkiyyətin qeydiyyata alınması, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik oldu. Fərmanın icrası ilə bağlı “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində istismarına icazə verilən binalarda, bilavasitə sakinlərin ünvanlarında qeydiyyat xidmətləri göstərilir. Cari ilin 6 ayı ərzində 60-a yaxın MTK-nın sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. Ümumilikdə həmin mənzillərə dair 2 min 500-dən çox elektron çıxarış hazırlanıb. Bu dövrdə əmlak idarəçiliyi sahəsində atılan ən böyük islahat xarakterli addımlardan biri də ölkə başçısının 2019-cu il martın 5-də imzaladığı “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanundur. Bu qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə 12 milyon manatdan artıq vəsait edir. Daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazası olan Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. Sistemin formalaşdırılması və inteqrasiyası ilə bağlı texniki şərtləri hazırlayacaq beynəlxalq nüfuzlu xarici məsləhətçi şirkət seçilib. Bu sahədə bir sıra qaydalar hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırmalar aparılır. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat elektron xidmətlər portalı vasitəsi ilə onlayn rejimdə qəbul edilməkdədir. “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” adlı xidmət vasitəsilə müəssisələrin hesabatları Komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir.