Milli Yaylaq Festivalında “Azərxalça”nın məhsullarına böyük maraq göstərilib (FOTO)


Digərləri 29 İyl 2019 15:20:09 219 0

Milli Yaylaq Festivalında “Azərxalça”nın məhsullarına böyük maraq göstərilib (FOTO)

Yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə Azərbaycanda ilk dəfə olaraq Milli Yaylaq Festivalı keçirilib.

Bakı. Yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə Azərbaycanda ilk dəfə olaraq Milli Yaylaq Festivalı keçirilib. Trend-in məlumatına görə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilən festival iyulun 26-dan 28-ə qədər davam edib. Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında təşkil olunan Milli Yaylaq Festivalına 16 ölkədən nümayəndələr, yerli və xarici turistlər qatılıb. Milli Yaylaq Festivalında iştirak edənlər adət-ənənələrlə tanış olub, milli idman növlərinə tamaşa ediblər. Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.