Soğanın qiyməti əslində neçəyədir?


Digərləri 29 İyl 2019 11:58:00 248 0

Soğanın qiyməti əslində neçəyədir?

Bu gün aqrar sahə istər ölkənin ərzaq təminatı və təhlükəsizliyinin ödənilməsində, istərsə də regionların sosial-iqtisadi inkişafında olduqca böyük əhəmiyyətə malikdir. Rayonlarda müxtəlif növ qida məhsulları əkib-becərən fermerlərə dövlət tərəfindən böyük dəstək göstərilir, nəticədə kənd təsərrüfatı sahəsi sürətlə inkişaf edir.

Son.az xəbər verir ki, qafqazinfo əməkdaşları Azərbaycanın bir neçə bölgəsinə səfər edərək, fermerlərin iş şəraiti ilə tanış olub.

Səfərimizin növbəti dayanacağı Ağcəbədi rayonu oldu. Son illər ərzində rayonda tərəvəz əkinlərinə, xüsusən də soğan istehsalına maraq artıb, bu isə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın yüksəlməsində də öz əksini tapıb. Müsahibimiz, Muğanlı kənd sakini Vəli Behbudov da ailəsinin dolanışığını soğan əkməklə təmin edir. Aylar əvvəl 4 hektar sahədə yazlıq soğan əkən fermerin sözlərinə görə, əldə etdiyi bol məhsul onu əkin sahəsini genişləndirməyə həvəsləndirib: "Yazlıq soğanın satışı çox yaxşı oldu, ona görə də indi 8 hektar ərazidə qışlıq soğan əkmişəm. Keçən illə müqayisədə satışlarımız da yaxşı gedir".

Həmsöhbətimiz qeyd edir ki, bu il rayonda məhsul bolluğu yaşanır. Bu isə ölkədə aqrar sahəyə ayrılan böyük diqqətin nəticəsidir: "Fermer üçün əsas olan odur ki, dövlət tərəfindən ona dəstək verilsin, o da fikrini ancaq məhsul yetişdirməyə cəmləsin. Bu şərait də bizə yaradılıb. Hər il dövlət büdcəsindən fermerlərə güzəştli kredit verilir, bundan başqa, torpaq vergisini çıxmaqla, bütün vergilərdən azad edilmişik. Yəni, dövlət hər cür imkan yaradır ki, biz həm bol məhsul becərək, həm də ailəmizi dolandıraq".