Duz təbabəti, "duz pullar", təbliğat gücü və ya sonsuzadək parlayan Günəş


Digərləri 29 İyl 2019 07:21:00 238 0

Duz təbabəti, "duz pullar", təbliğat gücü və ya sonsuzadək parlayan Günəş

Duz insanların həyatında qida, su qədər önəmli yerlərdən birini tutur. Təbabətdə də duzdan geniş istifadə edilir. İnsanın həzm prosesində mühüm rol oynadığı qeyd edilən duzun müalicəvi əhəmiyyəti dünyanın müxtəlif ölkələrindəki xalqların təbabəti ilə bağlı materiallarda açıq-aydın göstərilib. Məsələn, Suriyada Nesturi məzhəbinə aid tibb kitabında duzun mədə xəstəliklərinə qarşı yaxşı vasitə olduğu qeyd edilib, qədim hind təbabətində duzun ağrıkəsici, mədəyuyucu, mühüm dezinfeksiyaedici vasitə olduğu vurğulanıb. Çində isə miladdan öncə 2700-cü ildə duzdan dərman kimi istifadə olunduğuna dair mənbələrdə çoxsaylı məlumatlar var.

Son.az bildirir ki, AZƏRTAC-a müsahibəsində bu sözləri AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov deyib.

Ağrımayan başına duz bağlama

Asəf Orucov bildirib ki, bu gün xalq arasında "Ağrımayan başına duz bağlama" deyimi də onun tibbi məqsədlərlə istifadə edildiyinə işarədir. Deyimdən belə nəticə çıxarmaq olar ki, duz ağrıyan başa "bağlandığı" zaman ağrıları götürür. İkincisi, deyimin bir anlamı da odur ki, başa duz bağlamaq insana həm də ağırlıq gətirir və ona görə də sonu yaxşı olmayan, çətin bir işdən yapışmamaq tövsiyə ediləndə "Ağrımayan başına duz bağlama" deyimindən istifadə edilir. Tədqiqatların nəticəsi isə əminliklə deməyə əsas verir ki, duz bütün toplumlarda müqəddəs nemət sayılır. Türk xalqlarında isə duz çörəkdən sonra üzərinə ən çox and içilən nemətlərdən biridir.

Afrikada bu gün də "O, yeməyinə duz vurur" sözləri haqqında danışılan şəxsin varlı olduğu mənasına gəlir. Vaxtilə Efiopiyada "duz pullar" çox önəmli olub. Çində də "duz pullar"dan istifadə edilməsindən söz açan Marko Polo qeyd edib ki, bu ölkədə duzlu suyu böyük tiyanlarda qatılaşana qədər qaynadır, sonra kiçik paylara ayırıb üstünə imperatorun möhürünü vururdular. Duz pulların metal pullara oxşaması üçün onları kürədə bişirərdilər. Qədim Romada əsgərlərə pul əvəzinə verilən duz "sol" adlanırdı. "Sol" latın dilində "Günəş" deməkdir. İtaliyada xırda pul "soldi", Fransada "solid" adlanırdı. Fransız sözü "saler" "əməkhaqqı" mənasını verirdi. Buna görə də duza tarixən ehtiyac duyulmuşdur. Dünyanın ölməz yazılı abidələrindən hesab olunan "İliada" və "Odisseya" əsərlərinin müəllifi Homer duzu müqəddəs substansiya, yəni bütün cisimlərin və hadisələrin ilk əsasını təşkil edən maddə adlandırıb. Qədim yunan fılosofu Platon deyib: "Duz allahların xüsusi qiymətləndirdiyi maddədir".

Naxçıvanda duz və ya Duzdağı

"Duzdağ Naxçıvan şəhərinin 12 kilometrliyində, tarixi Böyük İpək Yolu üzərində, Böyükdüz kəndi yaxınlığında yerləşir. Bu ərazinin Cənubi Qafqazın əsas strateji marşrutları üzərində olduğunu nəzərə alaraq demək olar ki, onun zəngin duz layları qədim dövrdən diqqəti cəlb edib", - deyən AMEA Naxçıvan bürosunun əməkdaşı vurğulayıb ki, mənbələrdə Naxçıvan Duzdağının Nuh Peyğəmbər tərəfindən aşkar edilməsi haqqında rəvayətlər vardır. Belə ki, əfsanəvi gəmisi ilə bəşəriyyəti Dünya tufanından xilas etmiş Nuh Peyğəmbər Naxçıvan Duzdağını da kəşf edib. Hətta deyilənlərə görə, Nuh Peyğəmbər Naxçıvandakı duz mağaralarında ilk çalışanlardan biri olub. Duz mədənləri həm Naxçıvanın Daş dövrünü, həm də bu şəhərin yaşını müəyyən etmək üçün çox əhəmiyyətlidir. Burada aşkar olunan balta və çəkiclər duzçıxarma aləti kimi bu ərazidə insanlığın ilk məskunlaşma dövrlərini göstərir, hələ dəmirdən istifadənin məlum olmadığı Daş dövrü haqqında təsəvvür yaradır. Eyni zamanda bunlar eradan əvvəl işlədilən duz mədənlərinin qədimliyindən xəbər verir. Duzdağda aparılan araşdırmalar sübut edir ki, Eneolit dövründən, yəni eramızdan əvvəl V minillikdən başlayaraq Naxçıvanda mədənçilik mövcud olub.

Daş çəkiclərin bir qismi 1870-ci ildə abidələrlə maraqlanan Naxçıvan şəhər məktəbinin müfəttişi K.A.Nikitin tərəfindən toplanıb. O da bu alətlərdən duz çıxarılması üçün istifadə edildiyini yazıb. 1879-cu ildə Polyakov da arxeoloji kəşfiyyat işləri zamanı duz mədənlərinin yaxınlığından xeyli daş çəkic tapıb. Tədqiqatçının fikrincə, onlar daha qədim dövrdə duz çıxarmaq üçün istifadə olunub. 1895-ci ildə Qafqazın arxeologiyası və etnoqrafiyası ilə məşğul olan P.N.Nadejdin də tapıntılarla tanış olduqdan sonra onların fikirlərini təsdiqləyib.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev yazır ki, Duzdağda aşkar olunan arxeoloji materiallar çoxsaylı və müxtəlif formalı olması ilə fərqlənir. Naxçıvan Duzdağında təsadüfi olaraq mis və dəmir qalıqları da tapılıb. Tədqiqatlar nəticəsində Duzdağ mədəninin Erkən Tunc dövründə geniş istifadə olunduğu müəyyən edilib, duzun sosial və ictimai münasibətlər faktoruna çevrilərək sənətkarlığın və ticarətin, bununla birlikdə isə Naxçıvan şəhər mədəniyyətinin yaranmasına güclü təsir göstərdiyi aşkarlanıb.

Duz məişətdə

Asəf Orucov maraqlı bir məqama da toxunaraq bildirib ki, qədim dövrlərdə məişətdə işlədilən narın duz bir neçə üsulla hazırlanırdı. Duzdağdakı ən təmiz, gili az olan duz salları ayrıca yığılardı. Həmin sallar həyətə gətirildikdən sonra yuyulub qurudular, müəyyən daş və çəkiclə əzilərək xınc formasına salınardı. Əzilmiş, xırdalanmış duzlar müxtəlifölçülü dibək daşlarında döyülüb narın duz halına gətirilərdi. 

Xalq arasında qədim dövrdən Duzla bağlı deyimlər, alqışlar, qarğışlar da meydana gəlib. Naxçıvanda xalq arasında "Səni görüm ömrün Duzdağına dönsün" alqışı olub. Çünki Duzdağ heç vaxt bitmək, tükənmək bilmir. Ona görə də insan ömrünü ona bənzədirlər. Duz həm də xalqın inanc yeri olub. El arasında "Duz haqqı" ifadəsi işlədilib, duza əl basılıb. Ağbirçəklərimiz "Duz yerə töküləndə evdə söz-söhbət olar, araya inciklik düşər" deyə, duzun üstünə şəkər qoyublar. Uşaq narahat olanda, çox ağlayanda onun başına duz fırladıb ocağa atarlar.

Xalqımız arasında "Qız yükü, duz yükü" kimi deyim də mövcuddur. Bu deyimin anlamı odur ki, qızı tərbiyə edib, böyüdüb, başa çatdırmaq duz yükü qədər ağır bir işdir.

Naxçıvanda duzla bağlı bir çox bayatılara da rast gəlirik:

Naxçıvanın duz dağı,


Xəbərə aid fotolar