Afrika sahillərində sizə tanış olmayan 8 ada


Digərləri 28 İyl 2019 18:55:00 241 0

Afrika sahillərində sizə tanış olmayan 8 ada

Afrika - uzaq, maraqlı və cəzbedicidir. Onun bəzi istiqamətləri turistlər tərəfindən çoxdan öyrənilib: Mərakeşin rəngləri, Tunisin qumları, Keniyanın ucsuz-bucaqsız açıqlığı. Lakin "qara" qitədə əvvəlki kimi xeyli ağ ləkələr mövcuddur. Bunun təsdiqi çoxları üçün naməlum olan möhtəşəm adalardır. Çox az adam tapılar ki, bu yerləri tanısın və ziyarət etmiş olsun. Son.az AZƏRTAC-a istinadən bu adalar haqqında məlumatları sizə təqdim edir:

1. San-Tome və Prinsipi

San-Tome və Prinsipi "Telegraph Travel"in versiyasına görə 2019-cu ildə mütləq ziyarət olunacaq yerlərin iyirmiliyinə daxil edilib. Bu, çox nadir toxunulmamış guşədir. Lakin tezliklə vəziyyətin dəyişiləcəyi gözlənilir: turoperatorlar və aviaşirkətlər buraya öz tilovlarını atacaqlar.

San-Tome və Prinsipi snorklinq və skuba-dayvinq həvəskarlarını xüsusilə sevindirəcək.

Qvineya körfəzində, Qabondan 240 kilometr aralıda yerləşən iki ada yağışlı meşələri, qəribə mənzərəsi, səhra çimərlikləri və okeanı, sərinliyi və şüşə kimi şəffaflığı ilə başlı-başına buraxılan bir dünyadır.

Sahilboyunca sürətli qayıqda səyahət edərkən balası ilə yanaşı üzən dişi qozbel balinaya, restorana yollananda isə yolu həyasızcasına keçən yumruq boyda dəniz xərçənglərinə rast gəlmək mümkündür. Açıq havada uzanmaq kifayət edər ki, başınızın üstündə sarılələkli toxucu quşlar, susmaq bilməyən boz tutuquşular və endemik suquzğunları fırlansın. Bir də buranın insanları çox qonaqpərvərdirlər. Xidmətin zəif olması, su və elektrik enerjisində fasilələr bu səbəbdən istirahəti korlamır.

2. Yerro

Bu ada rəsmi götürüldükdə Afrika hesab edilmir. Lakin ərazicə İspaniyaya nisbətən Afrikaya daha yaxındır. Yerro Kanar adaları arasında ən kiçiyi və az tanınanıdır. Bura səhra ilə cəngəlliklər, vəhşilik və sivilizasiya, piknik və "ulduzlu" restoranlarda süfrə seçimi qarşısında qalanlar üçün "qızıl orta"dır. Yaxınlıqda Tenerife və Qran-Kanariyanın işıqları sayrışır, lakin Yerroda tam başqa mənzərə var.

Burada səs-küylü çimərliklərin və attraksionların əvəzinə dumana bürünmüş aylı mənzərələri və nəhəng kərtənkələlər üçün reabilitasiya mərkəzlərini görmək mümkündür.

El-Qolfo vadisinin qədim cığırları, El-Sabinar sürrealist ardıc meşələri, kələ-kötür səthdə quruyan lava çayları - bunlar hamısı qəribə və cazibədardır. Yerüstü sirləri sualtı sirlərlə əvəz etmək mümkündür: "La-Restinqa" dəniz qoruğunda skat, tunes və murenlər yetişdirilir. Daha sonra rəngarəng vyexa balığının dadına baxmaq olar.

3. Pemba

Orada olan səyahətçilər Tanzaniyanın sahillərindəki Pembanı Zənzibarın yarım əsr bundan əvvəlki vəziyyəti ilə müqayisə edirlər. Macəra axtaranları ağ qumlu çimərliklər və təsir bağışlayan mərcan rifləri cəlb edir. Lakin Pemba seçmə adamlar üçün oriyentir olaraq qalmaqdadır: az adam tapılar ki, bu xoşbəxtliyi kütlə ilə bölmək istəsin.

İyul və avqust aylarında sahil boyunca qozbel balinalar miqrasiya edir, dərinlikdə balıq tutmaqdan isə il ərzində zövq almaq mümkündür.

Bərə yolu müntəzəm deyil. Özəl təyyarələrdə uçuşlar isə hər adamın cibinə uyğun gəlmir. Rahat otellərin sayı görünməyən dərəcədə azdır və ümumilikdə infrastruktur zəifdir. Çimərliklərin əksəriyyəti çimmək üçün yararsızdır. Lakin təchiz olunanları da vardır ki, bunlar da ölkədə ən yaxşıları hesab edilir. Yerdə qalan hər şey -təmizlik, sakitlik, meşələr, yerli əhalinin yaşadığı kəndlər və maraq kəsb edən "dive site"lar üstün cəhətlərdir.

4. İbo

Mozambik dünya miqyaslı kurorta çevrilir. 2,5 min kilometrlik fotogenik sahil xəttində otel və SPA-lar sanki yağışdan sonra bitən göbələk kimidir. Lakin adalarda ölkənin ruhu zəngin tarixlə və sərbəst ab-hava ilə məskunlaşır. Kirimbas arxipelaqının incisi sayılan İbo lazımınca böyükdür və heç də təmtəraqlı deyil.

İboda gümüş bəzək əşyaları ilə alver edirlər. Bununla da unikal texnika nəsillərdən-nəsillərə ötürülür.

Ada nə vaxtsa Portuqaliyanın Hind okeanında müstəmləkə dayağı olub, lakin 1974-cü ildə "qərənfil inqilabı"ndan sonra Lissabon xaricdəki torpaqlarından imtina etdi və İboya köç dövrün kabusuna çevrildi. Ticarətçilərin mülkləri və qalalar duzlu havada istər-istəməz bərbad hala düşür. Lakin köhnəlmiş divarlarda art-emalatxanalar, butik-otellər və mağazalar açılır.