Təbiətin möcüzəsi FOTO


Digərləri 28 İyl 2019 13:40:00 309 0

Təbiətin möcüzəsi  FOTO

Lombok İndoneziyanın Qərbi Nusa Tenqara əyalətində yerləşən adadır. Cənubdan Hind okeanı, şimaldan isə Sakit okean akvatoriyasına daxil olan Bali dənizi ilə əhatələnir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Lombok adasını qərbdən - Bali adasından Lombok boğazı, şərqdən isə Sumbavadan Alas boğazı ayırır. Adanın əyalət paytaxtı və ən böyük şəhəri Mataramdır. Lombok Gili adlı bir sıra kiçik adalarla əhatə olunub.

Gili adaları

Gili adaları Bali adasının yaxınlığında olan Lombok adasının şimal-qərb sahilində yerləşən üç kiçik adadan ibarətdir. Ada dalğıclar arasında çox populyardır. Adaların hər birində - Gili Travanqan, Gili Meno və Gili Air adalarında dalğıc mərkəzləri mövcuddur və ətrafındakı sular zəngin tropik dəniz biomüxtəlifliyi ilə məşhurdur. Birlikdə "Gilis" adlanan bu adalar texniki olaraq Lombok adasının bir hissəsi hesab edilir, rahat və fasiləsiz nəqliyyat xidmətləri ilə Balidən olan turistlər arasında daha da məşhurlaşıb.

Gili Travanqan adasının şimal və qərb ərazisində gözəl və sakit çimərliklər, cənubunda isə ləziz yeməklər və əyləncələr təqdim edən restoran və klublar var. Gili Meno adası isə sakitlik və hüzur axtaran turistlər üçün ideal istirahət məkanı hesab edilir.

Gili Travanqan adası özünün gözəl infrastrukturu sayəsində bu adalar arasında ən məşhuru və ən böyüyü hesab edilir. Üç ada arasında ən yaxşı istirahət mərkəzlərinə malik olan bu adada fərqli üslub və zəngin mətbəx təqdim edən mehmanxanalar, klublar və restoranlar da fəaliyyət göstərir. Əgər limanın yaxınlığındakı turistlərə sahil gecə klubları üslubunda əyləncə proqramları təklif edilirsə, adanın qərb sahilində bal ayı keçirmək istəyən cütlüklər üçün ideal məkan hesab edilən sakit mühitə malik çimərliklər yerləşir.

Gili Meno Gili adaları arasında ən sakit mühiti olan çimərliklərə malik olması ilə seçilir. Meno adası həqiqətən özünəməxsus xüsusiyyətləri baxımından digər iki adadan fərqlənir. Bu ada daha çox toxunulmamış təbiət və landşafta malikdir. Gözəl infrastruktura malik Gili Travanqan adası və onun "əkiz qardaşı" hesab edilən Gil Air adasından fərqli olaraq Gili Meno adası sakitlik axtaran turistlər üçün ən gözəl məkandır.

Gili Air adası GiIi adaları arasında lüks və daha yüksək səviyyəli istirahət məkanları sevən turistlər üçün, həmçinin daha çox məşhur olan Gili Travanqandan sonra öz tətilinizi keçirə biləcəyiniz gözəl bir məkandır. Gili Air dalğıc (dayvinq) və sualtı üzgüçülük (snorkelinq) həvəskarları tərəfindən sevilən ağ qum və suları büllur qədər təmiz olan çimərliklər, eləcə də həm sahildə, həm də sahildən kənarda yerləşən müxtəlif növ dükanlar, dəbdəbəli çimərlik klubları, kiçik dənizkənarı kafelər, dayverlər üçün maqazinlərin yerləşdiyi gözəl istirahət adasıdır.


Xəbərə aid fotolar