Britaniyanın ticarət şəbəkələri plastik paketlərin istifadəsindən imtina edir


Digərləri 28 İyl 2019 13:20:00 263 0

Britaniyanın ticarət şəbəkələri plastik paketlərin istifadəsindən imtina edir

Böyük Britaniyanın iri pərakəndə satış şəbəkələri, o cümlədən "Tesco", "Asda" və "Iceland" öz mağazalarında plastik paketlərin istifadəsindən imtina etdiklərini bildiriblər. Son.az AZƏRTAC-a istinadən bildirir ki, "The Times" qəzetinin yazdığına görə, bu tədbir Krallıq ərazisində plastik kütlə tullantılarına qarşı mübarizəyə yönəldilib.

İndi "Tesco" və "Asda" supermarketləri internet vasitəsilə sifariş etmiş müştərilərinə mal çatdırmaq üçün plastik taradan istifadə etməyəcək.

"Tesco" avqustun ortalarında plastik paketlərin istifadəsindən tamamilə imtina edəcək. Həmin vaxtdan etibarən bu xidmətin əməkdaşları müştərilərinə çox işlənən xüsusi qabların içində mal götürməyi təklif edəcəklər. Bu addım ildə təqribən 250 milyon polietilen paketə və təqribən 20 ton plastik kütləyə qənaət etməyə imkan verəcək.

"The Times" yazır ki, "Asda" ticarət şəbəkəsi plastik taradan istifadəni iyulun sonunda dayandıracaq. "Iceland" ənənəvi polietilen paketlər yerinə müştərilərinə hər biri 15 pens olan çox möhkəm kağız paketlər təklif edəcək.

Daha əvvəl Böyük Britaniyanın hakimiyyət orqanları bütün pərakəndə ticarət şəbəkələrinə plastik paketlərin qiymətini 2020-ci ilə qədər 10 pensə qədər bahalaşdırmağı təklif ediblər. Bundan əlavə, Britaniya hökuməti tərkibində təkrar emal edilmiş materialların miqdarı 30 faizdən aşağı olan plastik qablaşdırmanın bütün növlərinə 2022-ci il aprelin 1-dək xüsusi vergi tətbiq etməyi planlaşdırır. İslahatların keçirilməsi sayəsində əldə olunmuş büdcəyə daxilolmalar plastik kütlə və plastik zibildən emal olunmayan məhsul probleminin həllinə dövlət tərəfindən yatırılan investisiyaların artmasına gətirib çıxarıb. Yazıda deyilir ki, ətraf mühitin plastik kütlə ilə çirkləndirilməsinə və təkrar dövriyyədə olan materialların istehsalının stimullaşdırılmasına qarşı mübarizəyə 20 milyon funt sterlinq ayrılıb.