Dünyaya hökm edən ailələr: “Dərin dövlət”, “masonlar”, daha nələr…


Digərləri 28 İyl 2019 10:33:00 203 0

Dünyaya hökm edən ailələr: “Dərin dövlət”, “masonlar”, daha nələr…

Dünya siyasətində zaman-zaman yeri və sözü olan şəxslər olub.

Adətən bu şəxslər böyük dövlətlərin başçıları olur, onlar müəyyən zaman kəsiyində nüfuz və bacarıqları ilə dünya siyasətinə yön verməyə nail olurlar. Lakin hər hansı dövlət postunu tutmayan elə ailələr var ki, onlar bütün dünyada siyasi proseslərin gedişatına təsir etmək gücünə malikdirlər. Və bu təsir 5-10 illik deyil, bir neçə əsrlik dövrü əhatə edir.

Müasir dövrün bir sıra kino və ədəbiyyat nümunələrində "dərin dövlət", yaxud "masonlar" adlandırılan qüvvələrin prototipinin məhz bu ailələr olduğu hesab edilir: onlar hətta ən güclü dövlətlərin rəhbərlərindən də qüdrətli olurlar, dünyanın ən ucqar bölgələrinə belə əlləri çatır, kimlərisə dövlət rəhbərliyinə gətirib və oradan uzaqlaşdıra bilirlər, müharibələri başladıb, sona çatdırırlar. Bu ailələrin hamısı bir-biri ilə gizli əlaqədə fəaliyyət göstərir, müxtəlif ölkələrlə bağlı qərarları qarşılıqlı məsləhətləşmələr vasitəsilə verirlər...

Dünya güclərini idarə edən bu ailələr birlikdə dünya maliyyə-bank sektoruna, iqtisadiyyata və siyasətinə nəzarət edirlər.

Söhbət hansı ailələrdən gedir? Son.az "Yeni Müsavat"a istinadən tarixdə böyük izi və təsiri olan ən böyük ailələri təqdim edir.

Rokfellerlər

Ailənin banisi 1839-1937-ci illərdə yaşamış Con Rokfellerdir. O, Almaniyadan ABŞ-a mühacirət etmiş alman idi. Kiçik bir şirkətdə mühasib yardımçısı işləyən Con ABŞ-da başlayan vətəndaş müharibəsi dövründə aldığı dövlət sifarişlərindən bəhrələnərək neft hasilatı sahəsində böyük imkanlar əldə edib. 1870-ci ildə "Standard oil" şirkətini yaradıb və 10 ildən sonra bütün ABŞ ərazisindəki neft hasilatının 95 faizini əlində cəmləyib. O öldükdən sonra ailə biznesinin idarəçiliyi oğlu Kiçik Con Rokfellerə keçib. 1913-cü ildə onun qayınatası senator Nelson Oldriçin təşəbbüsü ilə Konqresdə ABŞ-da milli valyutanı buraxan və kommersiya bank sistemini idarə edən Mərkəzi Bankın yaradılmasına dair qanun qəbul edilir. İndiki adı Federal Ehtiyatlar Sistemi (FED) olan bu qurum hələ də müstəqilliyini saxlayaraq, nə ABŞ federal hökumətinə, nə də prezidentə tabe deyil.

19-cu əsrin 70-ci illərindən ailənin rəhbərliyi Devid Rokfellerdə olub. Devid dünyada əhali artımının qarşısının alınması, doğum prosesinin sərt nəzarətə götürülməsi, ekoloji fəlakətə qarşı mübarizə sahəsində uzunmüddətli layihələrin ideya müəllifidir. O, 2017-ci ildə 101 yaşında vəfat edib. Müasir dünya siyasətini yönləndirdiyi deyilən, ali Qərb elitasının toplandığı Bilderberq klubunun yaradıcısı məhz D.Rokfellerdir. İndinin özündə də bu klub dünyanı idarə edən "Dünya Hökuməti" hesab olunur.

3 trilyon dollara yaxın sərvəti olduğu deyilən Rokfeller ailəsi bu gün yüzlərlə dövlətin birləşdiyi BMT, BRİKS, NATO kimi qurumların siyasətinin altyapısını müəyyənləşdirən güclərdən biri sayılır.

Rotşildlər

Rotşildlər ən qədim tarixə malik ailələrdən biridir. Almaniya əsilli yəhudi Amşel Mayer Rotşilddən başlayan ailə artıq Napoleonun dövründə ən varlı ailələrdən biri hesab olunurdu.

18-ci əsr Almaniyasından başlayaraq bu ailə lombard kreditləri, maliyyə-bank, daha sonra qiymətli kağızlar, qızıl və səhm bazarında böyük nüfuz və imkanlara malikdir.

Dünyanın qüdrətli simaları onların fəaliyyətlərinin təsiri altında formalaşıb. Konspiroloqlar əmindirlər ki, qol-budaqları Avropa və ABŞ-a yayılmış məşhur ailə şəcərəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin köməkliyi ilə dünyanın bütün maliyyə sisteminə nəzarət edir.

Bir çox ölkələrdə bu ailə ABŞ-ın nüfuz tərəfdaşı kimi qiymətləndirilir. Əsrlər boyu Avropa hökmdarlarının, hətta Roma Papasının belə borc aldığı bu ailənin müxtəlif ölkələrdə siyasi hakimiyyət dəyişikliklərində iştirakına dair çoxsaylı iddialar mövcuddur.

Ailənin hazırkı varidatı 2 trilyon dollar civarında qiymətləndirilir.

Morqanlar

Morqanlar dünyanın üçüncü ən güclü ailəsi hesab olunur. Müasir dünya politoloji mərkəzlərində olan rəyə əsasən, Morqan ailəsi ABŞ-ın siyasi kursunu müəyyənləşdirir, eyni zamanda dünyanın bütün banklarına nəzarət edir. Ailənin əsasını qoyan Con Pirpont Morqan ABŞ-da ilk maliyyə imperiyasının sahibi hesab olunur. O, Vətəndaş müharibəsi dövründə silah alveri ilə məşğul olub. 1907-ci ildə ABŞ-da bank sistemini iflasdan qoruyanın məhz Con Morqan olduğu deyilir. O vaxtdan bəri Morqanlar dünya bank sisteminə nəzarət edən başlıca qüvvə hesab olunurlar. Bu nəzarət həm eyni adlı banklar, həm də dünya maliyyə-bank sistemindəki əlaqələri vasitəsilə təmin olunur. Morqanlar "General Motors", "General Elektriks" kimi transmilli korporasiyaların rəhbərləri olublar.

Barux ailəsi

Əsası Bernard Barux tərəfindən qoyulan ailə varidatına görə Rotşild və Rokfellerlərdən geri qalsa da, siyasi və maliyyə nüfuzuna görə heç də onlardan geri qalmır. 94 il yaşayan Bernard Barux(1870-1965) ABŞ-ın beş prezidentinin məsləhətçisi və Böyük Britaniyanın baş naziri Uinston Çörçillin yaxın dostu olub. Bernard bütün varidatını təkbaşına, heç bir şirkətlər qrupu və ya korporasiya ilə əməkdaşlıq qurmadan toplayıb. Buna görə ABŞ-da onu "Uoll Stritin yalquzağı" adlandırırlar. B.Barux FED-in təsisçilərindən biri idi.