Burdan gedən adamlar geri qayıtmır –


Digərləri 27 İyl 2019 21:05:00 237 0

Burdan gedən adamlar geri qayıtmır –

Son.az lent.az-a istinadən Oğuz Ayvazın "Azərbaycan"nəşriyyatından yazdığı reportajı təqdim edir.

Bakı Dövlət Universitetinin arxasından keçib gedən Mətbuat prospekti enli çaya bənzəyir. Bu çayın "axıb" Yasamal qəbiristanlığına yaxınlaşdığı yerdə, sağda hündür bir bina var. Yəqin, təsəvvürünüzdə canlandı. Azərbaycan Nəşriyyatını deyirəm.

İçəri əlini-qolunu sallaya-sallaya girə bilməzsən. Tanışın, yaxud jurnalist vəsiqən olmasa polis səni içəri buraxmaz.

Bizim avantajımız ikidir: həm tanışımız, həm vəsiqəmiz var! Üstəlik, polislərin də çoxunu tanıyırıq.

İçəri keçirik.

Burdakı liftlərin çoxu işləmir. Gah o biri liftə tərəf gedirsən, gah bu birinə. Hansı açıldı-açıldı...

Yay olduğundan adamlar xeyli azalıb.

Elə bil keçmişə səyahət edirik. Sovetin 80-ci illərinə düşürük. Pillələrlə yuxarı qalxıram. Adamlar tələsə-tələsə aşağı düşür. Nəşriyyatın atmosferinə qapılmaq istəyirsənsə mütləq dəhlizlərdə gəzişməlisən.

Dəhlizdə, parketlərdən birinə ayağım ilişir. Eynəkli dazbaş, saqqalı adam öskürərək dillənir:

- Ehtiyatlı ol, oğlum...

Köhnə parketlərin üstündə yavaş-yavaş addımlayıram. İlahi, nə qədər qəzet adı var burda! Barmağımı dişləyirəm, nə qədər savadlı adamın içindəyəm deyə düşünürəm. Bir qapı diqqətimi çəkir. Adsızdır. Adsız da qapı olar heç? Nəşriyyat kimi yerdə özü də...

Qapını itələyib açıram. İçəridə gözəl bir qız klaviaturanı taqqıldadır.

- Bura qəzet deyil?

- Sizə nə lazımdı?

- Yazımı çap eləmək istəyirdim. Kimə yaxınlaşım?

- Görmürsünüz, burda məndən başqa heç kim yoxdu?

- Bağışlayın...

Qadın məni bir azca süzüb, deyəsən yumşalır:

- Mən dizaynerəm, bir saata yaxınlaşarsınız, sizə kömək edərlər.

Gözəl qız üzünü çevirib klavişini döyəcləyir.

- Təşəkkürlər!

Gülümsünüb qapını örtürəm.

Hər yerdən nimdaşlıq qoxusu gəlir. Ya da belə deyək: Sovetin qoxusu. Sanki bura elə o dövrdə qalıb. Zaman keçib üstündən, ancaq bu yer elə həmənki kimi dəyişməz şəkildə gözümüzün qabağındadır.

Yadıma düşür, ilk dəfə məni bura atam gətirmişdi. Dumanlı yaddaşımı qurdalayıram. Yalnız qəzet qoxusu, parketlər beynimin bir küncündə işıqlanır. Elə işıq demişdim ki, nəşriyyat zülmət qaranlığa büründü.

- Yenə söndü işıqlar?

- Yazımı yaddaşa vurmadım e...

Adamlar bir-bir qapılardan çıxır, donquldanır. Barmaqlarda yarımçıq siqaretlər görünür. Nəşriyyatın hər küncündə-bucağında siqaret çəkən adamlar görmək olar. Burda siqaret azadlığı var. Qaranlıq dəhlizlərdə ayaq səsləri və pıçapıçlar eşidilir. Dəhlizi o biri dünyaya bənzədirəm. Sirat körpüsündə basabasdır. İnsanlar cənnətə düşmək üçün növbədədirlər. Bir-birlərini az qala didişdirmək istəyirlər. Qurduğum xəyali dünyadan çıxıram. Yanıma yaxınlaşan keçmiş iş yoldaşım qaranlıqda gülümsünür. Gülüşü işıqsızdı.

- Nə əcəb bura gəlmisən?