Eldar Baxış oğlunun cəsədi qucağında evə keçdi –


Digərləri 27 İyl 2019 19:05:00 244 0

Eldar Baxış oğlunun cəsədi qucağında evə keçdi –

Son.az lent.az-a istinadən Eldar Baxışın həmyerlisi və yaxın dostunun övladı İlhamə Nasirin şair haqqında xatirələrini təqdim edir.

Göz açandan evimizdə dəhlizin başında atamın düzəltdiyi kitab rəfini müqəddəs zəyarətgah kimi bilirdik. Sonradan, böyüdükcə, ağlımız kəsdikcə, o rəfdən bir Eldar Baxış nəfəsi duyulduqca, həmin müqəddəsliyi dərk edə bildik. Onun əlyazmaları, kitabları, hətta adı çəkilən bütün qəzet və jurnallar səliqə ilə ön cərgəyə düzülmüşdü. Əvvəllər oxuya bilməsək də, ata-anamız tərəfindən təkrar-təkrar oxunduğundan hamısını da əzbər bilirdik.

Ailəmizin ən istəkli adamıydı Eldar Baxış. Əmi deyirdik. Bu əzizlik lap kökdən - babalarımızdan gəlmişdi. Həm qohum idik, həm də kirvə. Qardaşlarımın kirvəsiydi. Elə bu kirvəlik də kökdən bir-birinə ötürülə-ötürülə gəlmişdi. Amma qardaşlarım kimi mən də onu atamızın doğma qardaşı bilmişəm. Bu yaxınlarda oğlu Turalla söhbət edərkən, o da mənim dediyimi dedi. Dedi, mən də əvvəllər elə bilirdim.

Atam bütün ciddi işlərini onunla məsləhətləşməmiş görməzdi. Hər məzuniyyət götürəndə bizə gələrdi. Gələndə də bizdə toy-bayram olardı. Qardaş-bacı sevindiyimizdən özümüzü necə itirirdiksə, bizi yığıb yığışdırmaq mümkün olmurdu. Əsl uşaq azadlığına qovuşurduq. Məsələn, həmin gün günorta yatmırdıq, hay-küylə həyətdə o yana-bu yana qaçırdıq, rahatca onu istəmirəm, bunu istəyirəm deyə bilirdik. İllah da uşaqlarıyla birlikdə gələndə. Atamın evdə qurduğu rejim həmin günü çökürdü. Zəhmli baxışları eynəyinin üstündən bizə tuşlansa da dəymirdi. Eldar əmi də bilirdi atamın xasiyyətini. Bəri başdan "sən allah uşaqlarla işin olmasın" deyib kişinin halını alırdı elə bil. Sevərdi uşaq nadincliyini. Qıraqdan baxıb gülərdi. Atamın mülayimləşməyini, zarafatlaşmağını, deyib-gülməyini ancaq o, gələndə görürdük. Başqa vaxt elə görə bilməzdik. Müəllim idi atam, rus dili müəllimi. Məktəbdə də uşaqlar məndən soruşurdu ki, atan sizinlə evdə deyib gülür? Vallah bilmirdim nə deyim. Ha fikirləşirdim, onu gülən yerdə təsəvvür edə bilmirdim.

Yadımdadır, ikinci sinifdə oxuyurdum, müəlliməmə şeir yazmışdım. Bu xəbər Eldar əmiyə də gedib çatmışdı. Bizə gələndə ilk yazdığım şeirlə maraqlandı. Utana-utana gətirib dəftəri qarşısına qoydum. Alıb oxudu. Hələ də o gülümsəyən sifəti gözümün qabağından getmir. Çənəsindəki batıq çöhrəsinə başqa bir həlimlik qatardı. Oxuya-oxuya gözləri gülürdü. Bitirdikdə qayıtdı ki, düzünü de görüm kimdən götürmüsən? And-iman eləmək istədim, atamı görən kimi susdum. Atam icazə verməzdi bizə and içməyə. Əslində, bilirdi özüm yazdığımı, sadəcə mənim and içməyimi istəyirdi elə bil. Axır dözmədim, "kitab haqqı özüm yazmışam" dedim. Nətər dedimsə, boğazımın damarları çıxdı. "Nə haqqı?" - atam qıraqdan dilləndi. Astadan "rus dili kitabı haqqı" - dedim, kövrəlmişdim. Eldar əmi nə təhər şaqqanaq çəkdisə, özümü itirdim. Qucağına alıb üzümdən öpdü. Dəftəri özümə qaytarıb "onda bu şeirə görə sənə bir güllü don!" dedi. Dəftəri götürüb qaçdım. Gülüş səsləri hələ də davam edirdi.

Bilirdim, səsimi yazıb radioda səsləndirəcək. Hər gələndə elə edərdi. Ən çox da böyük qardaşımın səsini yazardı. Nədənsə onu daha çox istəyirdi. Ona yazdığı şeir rayonda hər kəsin ağzına düşmüşdü. "Yalçın, Yalçın köynəyi qırçın" şeiri. Amma söz vermişdi ki, bu dəfə mənə yazacaq. Həm də öz adımla. Daha, "Madar" adını işlətməyəcək. O ailədə hamı mənə Madar deyirdi. Şeyda nənə, Ceyran bibi, elə Eldar əmi də. Əvvəllər əhəmiyyət verməsəm də, böyüdükcə utanırdım, o addan qaçmaq istəyirdim. Qorxurdum ki, gedər çatar məktəbdə uşaqların qulağına, hər kəs məni elə çağırar. Mənasını da mənə başa salan yoxuydu ki, bir az toxdayım. Sonradan bilmişəm ki, "madar" bir dənə, tək deməkdir. Yəqin ailədə tək qız olduğuma görəymiş bu ad.

Yay tətilini səbirsizliklə gözləyirdik ki, şəhərdəkilər kəndə gələcəklər və 3 ayı büs-bütün bir yerdə olacağıq.

Şeyda nənəgillə bizim evi sadəcə bir yol ayırırdı. Yolun altında onların eviydi, üstündə bizim. Birevliydik onlarla. Anam evdə olmayanda qaçıb onlarda yemək yeyirdik. Onun bişirdiyi yeməklərin bir başqa dadı vardı.

Bilirdik ki, Eldar əmigil mayın 24-ü, 25-i gəlməlidir. Məktublaşardıq tez-tez. Axırıncı məktubunun axırında mənim üçün xüsusi abzasla yazı vardı. "Madar, rus dili kitabı haqqı sənə Özbəkistandan araqçın almışam, bir də güllü-güllü don". Hə, bu məktubdan sonra gəl həmin gecə rahat yat da.. Gələcəkləri günü saniyəbəsaniyə gözləyirdim.

Qulağım sək-səkədəydi ki, indi avtobus saxlayacaq, onlar düşəcək. Amma nədənsə gecikirdilər. Mayın 25-i oldu, gəlmədilər. Atamın da narahat olduğu açıq-aydın görünürdü. Arada "Balam, nə əcəb Eldargil gəlmədi?" soruşurdu. Sonra da özü-özünə təsəlli verirdi, "Yəqin işdən baş aça bilmir, neyləsin, o boyda məsuliyyətli iş-gücün başını buraxıb gələsi deyil ki. İşdən əl-ayaq eləyə bilsə, gələcək. Təki salamatçılıq olsun". Elə Şeyda nənəyə də bu cür təsəlli verirdi.

Mayın son gecəsiydi, hamı yatmışdı. Yerimin içində qurcalanırdım. Nə qədər edirdim, yuxuya gedə bilmirdim. Azı yüz dəfə xəyalımda o güllü donu geyinib çıxarmışdım. Amma araqçını qoya bilmirdim başıma. Çünki, onu adi həyatda görməmişdim. Ancaq televizorda özbək qızlarının başında görmüşdüm. Başımda təsəvvür edəndə gülməyim gəlirdi.

Bizim otaq, yəni qardaşımla mənim otağımın pəncərəsi darvazaya axırdı. Gecə yarını keçmişdi. Bayırdan bir cüt işıq seli mən yatan tərəfdə divara tuşlandı. Sonra yanıb sönməyə başladı. Əvvəl bərk qorxdum. Elə ki, siqnalladı, bir az sakitləşdim, bildim ki, maşındır, bizə gəlir. Gedib atamgili oyatdım. Gecənin bu vaxtı kimdir ki, belə bir ərklə hamını yuxudan dəli edə?! Hamımız qarışdıq evdə bir-birimizə. Atam həyətə çıxanda anam da bizə qoşuldu, pəncərəyə tərəf qaçdıq. Nəfəsimizi içimizə salıb pəncərədən gələn adamın kim olduğunu ayırd etmək istəyirdik. Atam maşına tərəf gedəndə maşını sürən adam maşından çıxıb atama tərəf gəldi. Qucaqlaşıb görüşəndə bildik ki, Eldar əmidir. Gülüşündən tanıdıq. Ayaqqabılarımı tələm-tələsik geyinə-geyinə qaçdım həyətə. Darvazanı açıb maşını içəri saldılar. Tək gəlmişdi. Sən demə təzə maşın alıdığı üçün imiş bu gecikmə. Qırmızı rəngdə "Jiquli" idi. Uşaqları soruşanda dedi, onları iyunda gətirəcək. Ya da göndərəcək.

"Eh, kaş ki, gündüz olardı qaçıb Şeyda nənəni muştuluqlayardım" - qardaşım o yana-bu yana var-gəl eləyirdi. Bizə çoxlu konfet-peçenye, meyvə qurusu, əsasən də yemiş qurusu gətirmişdi Özbəkistandan. Mənim hədiyyəmi verəndə:

- Hə, indi gətir görüm, nə yazmısan? - soruşdu.

- Heç nə, daha şeir yazmayacam.

Duruxdu. Cavabım onu təəccübləndirdi.

- Niyə?

- Çünki, mən Süleyman Rüstəmə oxşamaq istəmirəm.

- Bu nə deməkdi? -diqqətlə üzümə baxdı

Hə, bu Süleyman Rüstəm məsələsini də qardaşım beynimə salmışdı. Bir gün müəllim ona Süleyman Rüstəmin şeirini əzbərləməyi tapşırmışdı. Nə qədər edirdi beyninə girmirdi. Atam da dərslərimizi soruşub tam razı qalmayınca əl çəkməzdi bizdən. Gecə yarı da olsa öyrənib danışmalıydıq. Mən əlaçıydım. O cəhətdən problemim yoxuydu. Erkəndən dərslərimi danışıb gedirdim yatmağa. Amma adı yatmaq idi. Qardaşıma görə yata bilməzdim, yazığım gələrdi ona. O gün yenə elə olmuşdu. Arada yerimin içindən başımı qaldırıb baxırdım ki, kitab qabağında mürgüləyir. Atam o biri otaqdan boğazını yüksəkdən arıtlayan kimi dik atılırdı. Mənim yerimə girib uzanmağıma elə yazıq simayla baxırdı ki, adamın ürəyi ağrıyırdı. Ağlına nə gəldisə, oturduğu stulda bir az yer eləyib məni çağırdı. "Yatma, gəl otur yanımda" dedi. Razılaşmadım. Çünki atam gəlib bizi elə görsəydi ikimizi də çıxardacaqdı eyvana. Eyvanda çaqqalların səsindən adamın tüklərim biz-biz olurdu. Gördü razılaşmıram, əlindəki kitabı mənə tərəf çöndərdi:

- Xəbərin var, sən də belə olacaqsan - dedi - Kim uşaq vaxtı şeir yazırsa böyüyəndə saçları tökülür. Eynən buna oxşayacaqsan - deyib Süleyman Rüstəmin şəklini mənə göstərdi.

Necə inanıb qorxmuşdumsa, elə həmin gecə şeir yazdığım dəftəri cırmışdım. Soruşdum, daha yazmasam oxşamayacam? Dedi, daha yazmasan yox, amma heç kimə demə.

Bunu Eldar əmiyə danışanda necə gülmüşdüsə, gözlərindən yaş gəlmişdi. Elə atam da qoşulub ona gülmüşdü.

Şeyda nənəni gecə vaxtı narahat etməmək üçün bizdə qaldı o gecə. Onsuz da səhərin açılmasına 2-3 saat qalmışdı.

Çox qalmadı kənddə. İki gün sonra getdi. Hardasa 10 gün keçmişdi, uşaqları göndərdi. Qızı Günel ən çox Mollu kəndindəki babasıgildə olardı. Elə həsrətindəydim ki, bizdə qala, onunla oynayam. Amma Turalla Anday Şeyda nənənin yanında qalardılar. Anday evin balacasıydı, həm də çox şirin uşağıydı. Sarışın, toppuş. Danışığı da şiriniydi. "R" deyə bilmirdi. Bütün günü gülürdü. Atamgil ona "ağ quzu" deyirdi. Amma Tural arıq, qaraşın idi. Günün altında gəzməkdən qaralıb dəmir şişinə dönmüşdü. O qədər dəcəl idi ki, civə kimi qaynayırdı. Nadinc olsa da kənddə hər bir evin qapısı onun üzünə sevgi ilə açılardı.