İçərişəhərdə Bakı Xanları Evində bərpa işlərinin bitmə tarixi və YENİLİKLƏR - ÖZƏL (FOTO)


Digərləri 27 İyl 2019 15:31:20 194 0

İçərişəhərdə Bakı Xanları Evində bərpa işlərinin bitmə tarixi və YENİLİKLƏR - ÖZƏL (FOTO)

“Bakı Xanlarının Evi” Kompleksində artıq ötən ildən etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən geniş miqyasda bərpa işləri aparılır.

Bakı. Ceyhun Ələkbərov - Vaxtilə qədim Bakının gözoxşayan binalarından biri olan “Bakı Xanlarının Evi” Kompleksində artıq ötən ildən etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən geniş miqyasda bərpa işləri aparılır. Bunu özəl olaraq Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Zeynəb Cahan deyib. Onun sözlərinə görə, Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanlarında yerləşən, inşa tarixi XVII-XVIII əsrlərə aid edilən bu abidə yaxın gələcəkdə əsaslı yenidənqurma işlərindən sonra muzeyə çevriləcək: “Tarixi abidədə yaradılacaq müasir innovativ vasitələrin istifadə olunacağı yeni muzey ziyarətçiləri Bakı tarixinin klassik orta əsrlərinə aparacaq. Kompleksə daxil olan iki bina yeni yaradılacaq muzeyin əsasını təşkil edəcək. Muzeyin ekspozisiyası isə son dərəcə rəngarəng, maarifləndirici və innovativ xüsusiyyətlərə malik olacaq. Geniş elmi fəaliyyət, tarixi faktlar, incəsənət nümunələri və texnologiyanın ən son uğurları əsasında yaradılacaq bu məkan Azərbaycanda ilk 3D formatında fəaliyyət göstərən muzey olacaq. Qonaqlar öncə Bakı şəhərinin yaranması, yaşayış məntəqəsi və paytaxt kimi keçdiyi dövrü əhatə edən animasiya filmini izləyəcəklər”. Z.Cahan bildirib ki, əsas etibarilə Bakı tarixinin orta əsrlər dövrünü əks etdirəcək ekspozisiyada ziyarətçiləri olduqca həyəcanlı və maraqlı səyahət gözləyir: “İçərişəhərin orta əsr tarixini və mədəniyyətini əks etdirəcək 8 tematik otaq sənətkarlıq məhəlləsi, gömrükxana, hamam, kulinariya, karvansaray, bazar, şahın guşəsi, yeraltı yolu nümayiş etdirərək qısa metrajlı filmlər vasitəsilə canlanacaq. Ziyarətçilər audio-bələdçi vasitəsilə filmləri izləyərək hər bir otaqda o dövrə səyahət edəcək. Bu səyahət zamanı onlar həmin dövrdə hazırlanan təamların qoxusunu duyacaq, insanların səsini, musiqini eşidəcək. Bu tematik bölmədən sonra isə ziyarətçilər sərbəst zonaya daxil olaraq müxtəlif informativ panelləri seçə bilərlər. Burada kompleksdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən artefaktların nümayiş olunacağı panel, Bakı xanlarının tarixçəsini əks etdirən bölmə, qədim və müasir Azərbaycana dair sualların səsləncəyi viktorina guşəsi, məşhur ipək yolu haqqında bölmə və qazıntılar zamanı aşkar edilən taxıl zirzəmisi təqdim ediləcək”.