BakıQuba magistral yolunda təmirbərpa işləri aparılır FOTO


Digərləri 27 İyl 2019 11:53:00 254 0

BakıQuba magistral yolunda təmirbərpa işləri aparılır  FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı yol verilən konstruktiv səhvlər, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82 % təşkil edir) hərəkəti nəticəsində yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb.

Bu isə haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanır, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarır.

Son.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin müdaxiləsi ilə sözügedən yol boyu təxirəsalmaz və kompleks tədbirlərə start verilib.

Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır. İşlər yolu 130-53-cü və 28-16-cı km-lik hissələrində aparılmaqla 200 min kv.m-dən çox sahəni əhatə edir.

Təmir-bərpa işləri zamanı yolun örtüyününün çatlamış və dağılmış hissələri frezlənərək kənara daşınır, bunun əvəzinə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir.

Tərtib olunmuş qrafikə uyğun AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan təmir-bərpa işləri artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı şəhəri istiqamətində 130-98-ci, 83-70-ci və 28-20-ci km-lik hissələrində aparılaraq yekunlaşdırılıb. Sözügedən hissələrdə görülmüş işlərin sahəsi 130 min kv.m-ə yaxındır. Hazırda yolun 98-83-cü, 70-53-cü və 20-16-cı km-lik hissələrində təmir-bərpa işləri görülməkdədir.