Dövlətə xəyanətdə ittiham olunan Anarın məhkəməsi başlayır


Kriminal 27 İyl 2019 11:47:00 218 0

Dövlətə xəyanətdə ittiham olunan Anarın məhkəməsi başlayır

Azərbaycan dövlətinə xəyanət etməkdə təqsirləndirilən Anar Ələkbərovun cinayət işi üzrə ibtidadi istintaq yekunlaşıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq. İlk hazırlıq iclası ilə iyulun 29-na təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb. Müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı A.Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.