Aİİ tələbələrinin Bursada “Yay məktəbi” davam edir (FOTO)


Digərləri 26 İyl 2019 11:45:00 218 0

Aİİ tələbələrinin Bursada “Yay məktəbi” davam edir (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir. Aİİ-dən Trend-ə verilən məlumata görə, “Yay məktəbi”nin növbəti günü tələbələr Birinci Çələbi Sultan Mehmet və Əmir Sultan türbələrini, həmçinin “Panorama 1326 Bursa” Fatih Muzeyini ziyarət ediblər. Birinci Çələbi Sultan Mehmet Türbəsini ziyarət zamanı tələbələrə tikili haqqında ətraflı məlumat verilib. Türbə İldırım Bəyazidin oğlu Sultan Mehmet Çələbi tərəfindən 1421-ci ildə inşa etdirilib. Bursanın rəmzi kimi qəbul olunan türbədə I Mehmet Çələbi, oğulları Şahzadə Mustafa, Mahmut və Yusif, qızları Səlcuq xatun, Sitti xatun və Ayşə xatunun məzarları yerləşir. Tikiliyə, eyni zamanda, “Yaşıl türbə” də deyilir. XV əsrə aid Əmir Sultan Türbəsini ziyarət zamanı qeyd olunub ki, sözügedən məkan Türkiyədə tanınmış dini ibadət ocaqlarından biridir. Burada dəfn olunmuş Əmir həzrətləri üç Osmanlı sultanı zamanında yaşayıb və sufilikdə vəlilik rütbəsinə yüksəlib. Aİİ tələbələri “Panorama 1326 Bursa” Fatih Muzeyinə də ekskursiya ediblər. Burada Osmanlı dövrünə aid eksponatlarla tanışlıq gənclərdə xüsusi maraq yaradıb. Məlumat verilib ki, dünyanın ən böyük panoramalı muzeyi olan “Panorama 1326 Bursa” fəth gününü 360 dərəcə dairəvi döngədə təsvir edir. Muzeyin rəsmi açılışı 15 fevral 2019-cu il tarixdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunub.