Kontakt Home qadınların peşəkar və şəxsi inkişafına dəstək verir


Digərləri 26 İyl 2019 11:00:00 301 0

Kontakt Home qadınların peşəkar və şəxsi inkişafına dəstək verir

Kontakt Home şirkəti WoWoman Azerbaijan - qadınların inkişaf platforması ilə eksklüziv əməkdaşlığa başlayıb.

WoWoman - qadınların peşəkar və şəxsi inkişafı üçün yaradılmış platformadır. 4 ildən artıqdır ki, fəaliyyət göstərən cəmiyyət "Facebook"a görə dünyanın "TOP 100 cəmiyyəti" arasına düşüb, cəmiyyətin təsisçisi Zara Hüseynova isə Forbes jurnalının Avropada "30 under 30" siyahısına salınıb. Fəaliyyətdə olduğu dövr ərzində 8000 nəfərdən çox qadın "WoWoman Azerbaijan"ın biznes, sahibkarlıq, proqramçılıq, "XXI əsr bacarıqları", fərdi inkişaf və s. mövzularda təşkil etdiyi təlimlərdən faydalanıb.

"Sənin bugünkü əhatən sabah kim olacağını müəyyən edir. Məktəblər, universitetlər və cəmiyyət sürətlə dəyişən müasir dünyayla ayaqlaşmaq üçün lazım olan həm peşəkar, həm də fərdi bacarıqları, əlaqələri tam olaraq verə bilmir. Biz müxtəlif metodlarla xanımlarımızı ilhamlandırmaq, birləşdirmək və maarifləndirməyə çalışırıq. Qadınların tələbatlarına uyğun, yüksək səviyyəli layihələrin həyata keçirilməsi üçün isə biznes dəstəyi olduqca önəmlidir. Kontakt Home-un Cəmiyyətimiz üçün etdiklərini olduqca təqdirə layiqdir. Bu əməkdaşlıqdan qürur duyuruq", - Zara Hüseynova deyir.

"Biz WoWoman-ın uğurlarını və qadınların inkişafı üçün verdiyi töhfələri hər zaman yüksək qiymətləndirmişik. Ümumiyyətlə, qadınların cəmiyyətdəki rolunu irəli çəkmək, onların fərdi və peşəkar məqsədlərinə çatmaqlarına dəstək olmaq şirkətimizin Korporativ Sosial Məsuliyyət siyasətinin ayrılmaz parçasıdır. WoWoman kimi cəmiyyətlərə biznes dəstəyi vermək həmin təşkilatların cəmiyyət üçün verdiyi töhfələri daha da artıra bilər. Məhz bu səbəbdən Kontakt Home WoWoman-la əməkdaşlıq etmək qərarına gəlib. Ümid edirik ki, əməkdaşlığımız öz bəhrəsini verəcək və həyatları müsbət yöndə dəyişəcək qadınların sayı dəfələrlə artacaq", - Kontakt Home şirkətinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.

Qeyd edək ki, Azərbaycanın ən tanınmış yerli brendlərindən olan Kontakt Home ilk fəaliyyətinə 2005-cil ildə başlayıb. Hazırda şirkətin Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhəri daxil olmaqla, ümumilikdə 24 mağazası fəaliyyət göstərir.


Xəbərə aid fotolar