Şəkərli diabetdə ayaq ağrısı – Səbəblər, müalicə,


Digərləri 25 İyl 2019 20:20:00 277 0

Şəkərli diabetdə ayaq ağrısı – Səbəblər, müalicə,

Diabet xəstələrində ayaq ağrısı, yanma hissi, ayaqlarda qan dövranı və sinir keçiriciliyinin pozulması ilə yaranan diabet fəsadlaşmasıdır. Diabet xəstələrində ayaqda ağrı, ağırlıq, hissiyatsızlıq, sağalmayan yara sanki adi hala çevrilib. Bir çox xəstələr bununla barışır, bir çoxları isə gələcəkdə əlil qala biləcəyini gözə alaraq, vaxtında tədbir görür.

Son.az medicina.az-a istinadən diabetik pəncə sindromu, şəkərdən ayaq ağrılarının səbəbləri, müalicəsi metodlarını təqdim edir.

5 illik diabet xəstəliyindən sonra artıq ayaqlarda narahatlıqlar: iynəbatırma, keyimə, yanma, gecələr ağrı, göynəmə hissi başlayır. Aşağı ətraflar ya çox isti olur, ya da əksinə çox soyuq. Bu qan dövranı pozğunluğundan irəli gəlir.

Ayaqlarda hissiyat öldükcə xəstə zədə, travma, yara, suluq, xora ağrısı hiss etmir, hətta ayağı harasa toxunub yansa belə hiss etmir. Daxildəki proseslərə daban sümük strukturunun dəyişməsi, deformasiyalar da qoşulur, amma xəstə bunlara da məhəl qoymur.

Ayaqlarda bu problemlərdən biri belə özünü göstərdisə, mütləq həkimə getmək, müayinə və müalicələrə başlamaq lazımdır.

Hara getməli?

İlk növbədə endokrinoloqa gedib problemi demək, lazım gələrsə göndərişlə yerli xəstəxanada cərrah, fleboloq və xüsusi podiatrlar - diabetik ayaq sindromu ilə məşğul olan yara həkimlərinə müraciət etməlidir. Onlar ayaqları dopller edib, damarları yoxlayıb, sinir hissiyatını ölçəcək, sümüklər rentgen olunacaq və müvafiq analizlər alacaq.

Diabetik nevropatiya nədir?

Bu xəstəlik şəkərli xəstələrdə ən çoxyayılmış əlavə fəsaddır. Periferik sinirlərin zədələnməsi bədənin müxtəıif yerlərində, ən çox qol və ayaqlarda olur. Bu o deməkdir ki, yüksək şəkər sinir uclarını zədələyib, hissiyatını azaldıb və sinirlər artıq əvvəlki kimi düzgün funksiya göstərmir.

Diabetik nevropatiyanın sonu qanqrena, amputasiya ola bilər. Belə ki, son illərə qədər bu səbəbdən ayağı kəsilən xəstələrin sayı az deyildi. Burda xəstə və ailəsi diqqətli olmalı, xəstəliyi özbaşına qoymamalı və irəli gedib, yara, xora, qanqrenaya səbəb olmasına yol verməməlidir.

Bu xəstəlikdə konkret müalicə yoxdur və artıq heç nə sinirlərin keçiriciliyini bərpa etməyəcək. Əsas hədəf qanda şəkərin yüksəlməsinə qarşı tədbirlər görməkdir. Endokrinoloq və cərrahın müntəzəm müşahidəsi bu xəstələr üçün vacibdir.