Azərbaycanda istifadəyə verilən elektron imza sertifikatlarının sayı 20 mini ötüb


Digərləri 25 İyl 2019 19:23:00 275 0

Azərbaycanda istifadəyə verilən elektron imza sertifikatlarının sayı 20 mini ötüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) cari ilin ilk yarımilliyində 20 376 ədəd elektron imza sertifikatı istifadəyə verib.

Nazirlikdən Son.az-a bildirilib ki, bu sertifikatlardan 13 484-ü dövlət qurumlarının, 4 458-i hüquqi və fiziki şəxslərin, 2 402-si vətəndaşların, 32-si isə qeyri-rezidentlərin payına düşüb.

Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı 2 850 olub. Belə ki, 2019-cu ilin iyun ayında dövlət qurumlarına 1 742, hüquqi və fiziki şəxslərə 822, vətəndaşlara 286 e-imza sertifikatı verilib.

MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verildiyi gündən 2019-cu ilin 1 iyul tarixinədək ümumilikdə 187 314 elektron imza sertifikatı əldə olunub. Onlardan 104 802-si dövlət qurumlarına, 46 034-ü hüquqi və fiziki (sahibkarlar) şəxslərə, 36 478-i vətəndaşlara təqdim edilib.

Elektron imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Son bir ildə dövlət qurumları tərəfindən 8 992 379, hüquqi və fiziki şəxslər tərəfindən 1 645 574, vətəndaşlar tərəfindən 37 340 olmaqla, ümumilikdə 10 675 293 autentifikasiya və e-imza əməliyyatı aparılıb. Təkcə 2019-cu ilin ikinci rübü ərzində aparılan əməliyyatların ümumi sayı 3 973 472 olub. Onlardan dövlət qurumlarının payına toplam olaraq 3 507 322, hüquqi və fiziki şəxslərin payına toplam 453 930, vətəndaşların payına isə toplam 12 220 autentifikasiya və elektron imza əməliyyatı düşüb.