Bakıda "İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlarşəxsi həyat" mövzusunda konfrans keçirilib


Digərləri 25 İyl 2019 18:33:00 277 0

Bakıda "İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlarşəxsi həyat" mövzusunda konfrans keçirilib

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  iyulun  25-də Bakı şəhərində "Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat" mövzusunda konfrans keçirib. Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) konfrans zalında keçirilən tədbirə KİV nümayəndələri, QHT təmsilçiləri, həmçinin internet və sosial şəbəkə fəalları olmaqla 55 nəfər qatılıblar.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat" mövzusunda konfrans və seminarların təşkili" layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, xəbər istehsalçılarının "Şəxsi həyat" barədə xəbər hazırlamağın şərtlərinə yanaşmaları problemlidir: "Xüsusi kateqoriyalı fərdi məlumatlar"ın, onun mühüm qollarından olan "Şəxsi həyat"ın qorunması modern dünyada insan hüquqlarının ən önəmli  prinsiplərindən biri, həmçinin onlayn medianın trend problemlərindən biri kimi qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi "Şəxsi həyatın qorunması"nı ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də "şəxsi həyat"a aid informasiyaların qorunmasına, ona hörmətlə  yanaşılmasına təminat verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155 və 156-cı maddələri başqalarının "şəxsi həyat" prinsipini pozmağa görə cinayət məsuliyyətini  nəzərdə tutur. Mövzunun həssaslığını nəzərə alaraq, Milli Məclis "Fərdi məlumatların qorunması" adlı əlahiddə qanun da qəbul edib. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları" nın 3-cü Prinsipi də "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" mövzusuna həsr edilib.

Amma internetin sürətli inkişaf etməsi ilə bu sahədə problemlər də ortaya çıxıb, "Şəxsi həyat"ın  qorunması mövzusu aktuallaşıb. Sosial şəbəkələr, "Şəxsi həyatın qorunması" və digər bu kimi  prinsiplərin intensiv şəkildə pozulmasına yol açmaqla, mənfi təzahürləri də ortaya çıxarıb.  Keçirdiyimiz konfransda məqsəd bu problemin aradan qaldırılması yolları barədə müzakirə açmaq oldu".

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə  "Xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat və KİV" adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.


Xəbərə aid fotolar