Azərbaycanda Milli Məkan Məlumatları İnformasiya Sistemi qurulur


Digərləri 25 İyl 2019 12:24:00 268 0

Azərbaycanda Milli Məkan Məlumatları İnformasiya Sistemi qurulur

Əmlak Məsələləri Dövlət Komitəsi ilə İsrailin "Ofek Aerial Photography" şirkəti arasında Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, müqavilə "Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları" mövzusunda Bakıda keçirilən konfrans çərçivəsində imzalanıb. Sənədi komitənin sədrinin müavini Rüstəm Şahbazov və "Ofek Aerial Photography" şirkətinin vitse-prezidenti Oded Erfat imzalayıblar.

Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üçün cari vəziyyət öyrənilir və bu infrastrukturun qurulmasına dair qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə müvafiq təkliflərin təqdim edilməsi həyata keçirilir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə açıq tender keçirilib və İsrailin "Ofek Aerial Photography" şirkəti tenderin qalibi elan edilib.