"Terror bifurkasiyası": Türkmənistan xəttində gərginlik mesajları


Dünya 24 İyl 2019 18:39:00 221 0

"Terror bifurkasiyası": Türkmənistan xəttində gərginlik mesajları

Xəzərin o tayında: risklər və təhdidlər güclənir

Postsovet məkanında yeni "qaynar nöqtə"nin meydana gələ biləcəyi haqqında avropalı ekspertlərin söylədikləri fikirlər ciddi narahatlıq doğurmağa başlayıb. Böyük Britaniyanın "The Foreign Policy Centre" (FPC) "beyin mərkəzi" tərəfindən hazırlanan bir məruzədə iddia edilir ki, Türkmənistan siyasi və iqtisadi böhran ərəfəsindədir. Burada proseslər gözlənilmədən sosial-siyasi partlayışa səbəb ola bilər. Bu proqnozun substantiv aspektindən çox, digər geosiyasi proseslərlə əlaqələndirilməsi maraqlıdır. Çünki məruzədə və bir sıra başqa analizlərdə vurğulanır ki, Türkmənistan getdikcə böyük geosiyasi güclərin maraqlarının toqquşduğu məkana çevrilir. Səbəb isə ənənəvidir: bu ölkə təbii qaz ehtiyatlarına görə dünyada birinci yerdədir, ondan funksional istifadə səviyyəsinə görə də ilk yerlərdən birini tutmaqdadır.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, Türkmənistanda daxili sabitliyinin çox kövrək olduğu tezisini ekspertlər bir neçə vaxtdır ki, vurğulayırlar. Oradan birbaşa informasiya almaq xeyli mürəkkəbdir. Lakin KİV-lərdə ölkədə artıq insanların un çatışmazlığından əziyyət çəkdiyi haqqında məlumatlar dərc edilir. İndi hər bir vətəndaşa ayda 5 kiloqramdan artıq un verilmir. Növbələrdə insanlar bir-biri ilə savaşır və hətta ölüm halları baş verir.

Ekspertlər bu cür vəziyyətin yaranmasında təbii fəlakətlərin rol oynadığını deyirlər. Quraqlıq ölkənin cənub hissəsində problemlər yaradıb. Buna baxmayaraq, Türkmənistan rəhbərliyinin qonşu ölkələrdən birinə məhz quraqlığa görə yardım etdiyi qeyd olunur. Bu yardım ehtiyat fondundan deyil, türkmənlərin özü üçün nəzərdə tutulmuş ehtiyatdan verilib. Nəticədə, una olan ehtiyac daha az ödənilir. Ekspertlər bunu ölkə rəhbərliyinin vətəndaşların vəziyyətini daha da ağırlaşdırması kimi qiymətləndirirlər.

Bunların fonunda Türkmənistanda islahatların aparılmadığı ayrıca vurğulanır. Hökumət bu istiqamətdə sistemli fəaliyyət göstərmir. Ölkədə insan haqları ilə bağlı vəziyyət haqqında Qərb təşkilatları müsbət fikir söyləmirlər. Ənənəvi üsullarla nizam-intizam yaratmaq cəhdlərinin perspektivli olduğuna inananlar çox azdır. Vətəndaşların mobilliyi üçün müəyyən məhdudiyyətlər indi də qalır. Məsələn, xarici pasport almağa maneələr qoyulub. Son informasiyalara görə, hakimiyyət ikili vətəndaşlığı olanlara xarici pasport almağa imkan verib. Özü də bu, Rusiya ilə ikili vətəndaşlığı olanlara aiddir.

Bunlar Türkmənistanın daxili vəziyyətinin problemli olduğunu göstərir. İqtisadi, sosial və siyasi sahələrdə islahatların aparılmaması rəsmi dairələri çətin duruma salır. Lakin iki faktor hələlik daxildə sistemli etirazların baş verməsinə əngəl olur. Birincisi, türkmənlər təbiətən öz dövlətlərinə bağlıdırlar. Onların ayrı-ayrı etirazlarının kütləvi hərəkata çevrilməsi üçün başqa şərtlərin də olması lazımdır. İkincisi, Türkmənistan hüquq-mühafizə orqanları vəziyyətə ciddi nəzarət edirlər. Cəza mexanizmi güclüdür.

Belə bir situasiyada hansısa davamlı etiraz aksiyalarının baş verməsi ehtimalı çox aşağıdır. Lakin ekspertlər heç bir ssenarini istisna etmirlər. Çünki kənardan təsirləri nəzərə almaq lazımdır. Türkmənistanda vəziyyəti gərginləşdirmək arzusunda olan dairələr yox deyildir. Məsələyə bu prizmadan baxdıqda, Türkmənistanda proseslərin radikallaşma ehtimalından danışa bilərik.

Konkret desək, ekspertlər Türkmənistan uğrunda böyük geosiyasi güclərin mübarizəsinin intensivləşdiyini vurğulayırlar. Burada başlıca olaraq ABŞ, Avropa İttifaqı, Rusiya və Çinin adları çəkilir. Amerika üçün Türkmənistan məsələsi Əfqanıstan və İran məsələsinə görə daha da aktuallaşıb. Bu ölkə Vaşinqtonun problemi olduğu hər iki dövlətə yaxındır. Yəni Türkmənistanda ABŞ-ın möhkəmlənməsi faktiki olaraq iki istiqamətdə Amerikaya hərəkət etməyə əlavə şərait yaradır.

Radikalizm və geosiyasət: yeni terror dalğası ehtimalı

Burada düşündürücü odur ki, ABŞ üçün hər iki istiqamətdə uğur əldə etməyə sabit deyil, qeyri-stabil Türkmənistan sərf edir. Bunun üçün Aşqabadın ən zəif yeri neft və qazdan gələn gəlirlərdən güclü asılılığıdır. Çünki dünya bazarında qiymətləri süni dəyişməklə türkmən iqtidarını mürəkkəb duruma sürükləmək və bundan istifadə edərək təzyiqlə ondan istədiyini almaq olar. Bu zaman təzyiq üsulu kimi terrordan istifadə variantı istisna edilmir.

Bu məqam Yaxın Şərqdən terror qruplarının Əfqanıstana toplanması fonunda kifayət qədər təhlükəli görünür. Ekspertlər Türkmənistanın özündə radikal dini əhval-ruhiyyənin yüksəldiyini vurğulayırlar. Bu isə istənilən an dini əsasda partlayışın ola biləcəyi anlamını verir.