Günay Əhmədova: Düzgün qoyulan diaqnoz – müalicənin uğurunun yarısıdır


Digərləri 24 İyl 2019 12:00:00 178 0

Günay Əhmədova: Düzgün qoyulan diaqnoz – müalicənin uğurunun yarısıdır

Ultrasəs müayinəsi (USM) – hazırda çox populyar prosedurdur və maddi cəhətdən əhalinin bütün təbəqələrinə yetərlidir.

Bakı. Ultrasəs müayinəsi (USM) – hazırda çox populyar prosedurdur və maddi cəhətdən əhalinin bütün təbəqələrinə yetərlidir. Müasir dövrdə Ultrasəs müayinəsi tibbdə aparılan əsas müayinə üsullarından biridir. Bu müayinə metodu orqanizmə zərər vurmadan daxili orqanlar və boşluqlar haqqında dəqiq məlumat vermək imkanına malikdir. USM aparatı orqana yönəldilmiş ultrasəs dalğalarının əks olunma tezliyini qeydə almaqla orqanın ölçüsü, forması, exogenliyi və s. barədə informasiya formalaşdıraraq ekranda göstərir. Yaxşı həkim-sonoloqun hər hansı xəstənin bu və ya digər orqanının vəziyyəti haqqında verdiyi nəticə çox vaxt onun diaqnozunun qoyulmasında həlledici olur. Ultrasəs müayinəsi diaqnostikası sahəsində yaxşı mütəxəssis olmaq üçün gözəl məkan təxəyyülünə, anatomiya sahəsində ideal biliklərə və inkişaf etmiş kliniki düşüncə tərzinə sahib olması tələb olunur. USM-in nəticələrinə müvafiq olaraq xəstəyə qoyulan düzgün diaqnoz onun düzgün müalicə edilməsinə müsbət təsir göstərir. Müsahibimiz Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu (Ultrasəs müayinəsi edən həkimə sonoloq deyilir. Bu söz sonoqrafiya sözündən götürülüb. Sonoqrafiya – ultrasəs dalğalarının köməyi ilə insan orqanizminin qeyri-invaziv tədqiqidir) Günay Əhmədovadır. Qeyd edək ki, Dr.Günay Əhmədova əmək fəaliyyətinə 2011-ci ildə Mərkəzi Gömrük Hospitalında həkim-sonoloq kimi başlayıb. Günay xanım daim öz üzərində çalışır, dünya tibb elminin nailiyyətlərini izləyir və işində tibbin ən yeni metod və üsullardan istifadə edir. “Düzgün qoyulan diaqnoz – müalicənin uğurunun yarısıdır”, - deyən Dr.Günay Əhmədova işinə daim məsuliyyətlə yanaşır, işlədiyi qısa müddət ərzində xəstələrin və hospitalın kollektivinin hörmətini qazanıb. - Günay xanım, uzun illərdir siz Mərkəzi Gömrük Hospitalında həkim-sonoloq kimi çalışırsınız. Sizin şəxsi təcrübənizə əsasən ultrasəs müayinələri xəstəyə düzgün diaqnoz qoyulmasına necə təsir edir və nə qədər vacibdir? - Əlbəttə, USM ilə biz qoyulmuş diaqnozu təsdiq edirik, yəni terapevtlər və cərrahlar xəstənin anamnezinə əsasən ilkin diaqnozunu qoyur və ona əsasən biz onu ultrasəs tətbiq etməklə bu diaqnozun USM-də öz təsdiqini tapdığını və ya tapmadığını görürük. Bir də qoyulmuş diaqnozun təsdiqlənməsində USM-in nəticəsi vacibdir: bura cərrahi xəstəliklər, onkoloji xəstəliklər, kəskin qarın ağrısı şikayətləri ilə gələn xəstələr aiddir. Ultrasəs müayinəsi ilə diaqnoz düzgün qoyulursa, xəstələri müvafiq həkimlərə, şöbələrə istiqamətləndiririk. Onkoloji xəstəliklərdə onkoloqlar USM-ə əsasən müalicə metodlarını dəyişdirə bilirlər. Onlar xəstəliyi təqib etməklə, hansı müalicənin daha keyfiyyətli, əlverişli, müsbət nəticə verdiyini USM-in nəticələri əsasında görürlər. Onkoloji xəstələrdə qeyd olunan strukturdan materialın invaziv üsulla alınıb patohistoloji laboratoriyaya göndərilməsində USM-in bizə göstərdiyi yardım ondan ibarət olur ki, USM aparatının altında iynəni müşayiət edərək, yəni invaziv üsulla həmin o görüntüdən – strukturdan, törəmədən materialı alarkən bir daha əmin oluruq ki, materialı məhz həmin törəmədən aldıq. Bununla da, patohistoloqun işini səhv istiqamətə yönləndirməkdən qoruyuruq. Deməli, bu iş US altında həyata keçirildikdə daha dəqiq olur və biz bir daha əmin oluruq ki, materialı doğru yerdən aldıq. Bizim verdiyimiz diaqnoz həkimlərin işini yüngülləşdirir və xəstələrin maddi dəyəri daha yüksək olan müayinə metodlarına müraciət etməsinə ehtiyac qalmır. - Sizə daha çox hansı xəstəliklərlə müraciət edirlər? - USM-nə hər yaşda, həm kiçik yaşlarda, həm də böyüklərdə qarın boşluğunda olan ağrılar zamanı, boyunda ələ gələn şişkinlik, süd vəzilərində ağrılı nahiyə və ya ələ gələn şişkinlik olduqda müraciət edirlər. Biz onları müayinə etdikdən sonra müvafiq uyğun bölmələr, şöbələr üzrə yönləndiririlk. Xəstəliyin diaqnozu cərrahidirsə cərrahlara, müalicə olunandırsa, terapevtlərə göndəririk. - Hansı xəstəliklər adətən gizli başlayır və ancaq US aparatlarında özünü göstərir?